Bəzən bir kitabın təqdimatı yalnız yeni bir əsərin oxucuya tanıdılması ilə məhdudlaşmır, eyni zamanda xalqları, mədəniyyətləri və düşüncələri bir-birinə yaxınlaşdıran mühüm mənəvi hadisəyə çevrilir. Azərbaycan Yazıçılar Birliyində keçirilən “Şəmaus” romanının təqdimatı da məhz belə yaddaqalan və əhəmiyyətli ədəbi-mədəni tədbirlərdən biri oldu.
Misirli yazıçı, şair, tərcüməçi və Asiya Jurnalistlər Assosiasiyasının (AJA) prezidenti Əşrəf Dalinin (Əşrəf Əbul-Yəzid) “Şəmaus” romanının Azərbaycan dilində nəşri münasibətilə təşkil olunan təqdimat mərasimi ədəbi ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı. Əsər şərqşünas alim, istedadlı yazıçı və şair Təranə Məmməd tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Kitabın redaktoru və ön söz müəllifi filologiya elmləri üzrə fəlsəfə doktoru, şairə Adilə Nəzərdir. Layihənin ideya müəllifi isə Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri, yazıçı və ədəbi tənqidçi Əsəd Cahangirdir.
Tədbirdə çıxış edən ziyalılar, elm və ədəbiyyat nümayəndələri layihənin qısa müddətdə uğurla həyata keçirilməsini yüksək qiymətləndirərək onun Azərbaycan ilə Misir arasında ədəbi-mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğuladılar. Bildirildi ki, romanın maraqlı süjeti, axıcı təhkiyəsi və zəngin bədii-estetik dəyəri onu geniş oxucu auditoriyası üçün cəlbedici edir və əsərin yaxın zamanda oxucuların rəğbətini qazanacağına ciddi əsaslar yaradır.
Təqdimatın ən yaddaqalan məqamlarından biri Adilə Nəzərin romanın ideya-bədii xüsusiyyətləri, estetik dəyərləri və mənəvi qatları haqqında səsləndirdiyi dərin və əhatəli fikirlər oldu. Onun peşəkar yanaşması və məzmunlu təhlili əsərə marağı daha da artırdı. Əsəd Cahangirin layihənin əhəmiyyəti, romanın bədii-estetik keyfiyyətləri və ədəbi dəyəri ilə bağlı söylədiyi sanballı mülahizələr təqdimatın məzmununu daha da zənginləşdirdi. Təranə Məmmədin müəllif və əsər haqqında təqdim etdiyi dolğun məlumatlar, qonaqlarla səmimi ünsiyyəti və yüksək mədəni davranışı isə tədbirə xüsusi ruh və səmimiyyət bəxş etdi.
Tədbirin sonunda iştirakçılara kitablar hədiyyə olundu, müəllifə, tərcüməçiyə və layihənin ərsəyə gəlməsində zəhməti olan hər kəsə yeni yaradıcılıq uğurları, tükənməz enerji və davamlı nailiyyətlər arzulandı.
Əslində, hər bir dəyərli kitab zamanın və məkanın sərhədlərini aşan bir mənəvi yolçudur. O, müxtəlif dillərdə yenidən doğulur, fərqli xalqların düşüncə dünyasına daxil olur və insanları ortaq duyğular ətrafında birləşdirir. Tərcümə isə bu mənəvi yolçuluğun ən etibarlı bələdçisi, mədəniyyətləri bir-birinə bağlayan görünməz körpüdür.
“Şəmaus” romanının Azərbaycan dilində nəşri də sadəcə bir tərcümə uğuru deyil, eyni zamanda mədəniyyətlərarası dialoqun inkişafına xidmət edən əlamətdar ədəbi hadisədir. Çünki zaman keçdikcə kitabların kağızı köhnələ bilər, lakin onların insan ruhuna bəxş etdiyi düşüncə və mənalar yaşayır. Xalqların dostluğu da, mədəniyyətlərin yaxınlığı da ilk növbədə sözün, mənəviyyatın və qarşılıqlı anlaşmanın üzərində qurulur.
“Şəmaus”un təqdimatı bir daha nümayiş etdirdi ki, ədəbiyyat sərhəd tanımayan qüvvədir. O, uzaq coğrafiyalar arasında yaxınlıq yaradır, fərqli dünyaları ortaq dəyərlər ətrafında birləşdirir və insanlığın vahid mənəvi yaddaşını zənginləşdirir. Məhz buna görə də bu layihə yalnız bir kitabın təqdimatı deyil, həm də sözün birləşdirici gücünə verilən yüksək dəyərin ifadəsidir.
Əməyi keçən hər kəsə dərin təşəkkürümüzü bildirir, onlara yeni yaradıcılıq uğurları, tükənməz ilham və davamlı nailiyyətlər arzulayırıq. Söz yaşadıqca ədəbiyyat yaşayacaq, ədəbiyyat yaşadıqca isə xalqları birləşdirən mənəvi körpülər daha da möhkəmlənəcək.
Mövsümağa Ədalətoğlu
AJB-nin üzvü
yazıçı-publisist