
Sosial şəbəkələrdə gedən paylaşımlardan bu layihə barədə məlumatlıydım. Şəhidlər haqqında bir qrup yazarın qələmə aldıqları sənədli hekayə və şeirlərdən ibarət kitab-toplu hazırlanacaqdı. Layihənin redaksiya heyətində yer almış istedadlı şair, filologiya üzrə fəlsəfə doktoru, yaxın dostum və rəfiqəm Adilə Nəzərin təklifi ilə mən də sevə-sevə bu komandaya qatıldım. Daha sonra bir-neçə yazar dostumu da bu layihəyə cəlb etdim. Biz bu yola bir il öncə çıxdıq. Yavaş-yavaş sıralarımız artdı. Böyük bir ailəyə çevrildik. Hərə tanıdığı bir şəhidin həyat və döyüş yolu barədə hekayəsini yazmağa başladı. Aramızda övladından yazan ana da vardı, qardaşından yazan qardaş və bacı da, qohumunun qəhrəmanlıq yolunu qələmə alan da, tanımadığı, adını eşidərək haqqında məlumat toplayıb hekayə yazanlar da... Məqsəd, amal isə bir idi: Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda fədakarlıq göstərən, mərdi-mərdanə döyüşən, ölümün gözünün içinə dik baxan, düşünmədən əziz canlarından keçərək özlərini Vətənə qurban verən qorxmaz, igid oğullarımızın, məqamı uca olan şəhidlərimizin həyat və döyüş yolları barədə yazılar yazaraq bunu bir kitaba sığışdırıb onların adlarını tarixiləşdirmək. Çox gözəl, həm də gərəkli bir missiya idi. Və bu fikri layihə çərçivəsində ortaya qoyan iki nəfər vardı. Tibb universitetində oxuyarkən tanış olub birgə ömür sürməyə qərar verən, ailə qurub iki gözəl övlad sahibi olan, təcrübəli və bacarıqlı həkimlər, həm də qəlbləri poetik hisslərlə dolu şairlər İlhamə və Namiq Müslümovlar. Bəli, düz bir il əvvəl bu komandaya qoşulub böyük bir ailəyə çevrildik. Telefonda qrup açdıq. Yazılan hekayələri qrup üzvləri oxuyub tənqidi fikirlərini bölüşdülər. Bir-birimizin yazısını oxuyub redaktə etdik, məsləhətlər verdik, iradlarımızı bildirdik, fikir mübadiləsi etdik. Məqsəd isə şəhidlərin xatirəsinə layiq hekayələr yazıb kitab şəklində çap etdirmək idi. Özü də layihə rəhbərləri dönə-dönə vurğulamışdılar ki, bu proses davamlı olacaq. Hər il bir kitab çıxararaq bütün şəhidlərimizin həyatlarına toxunmaq. Nə gözəl fikir, nə dəyərli missiyadır. İlin əvvəlindən başladığımız bu möhtəşəm işi yay aylarında bitirdik. Əslində kitabın çapında sponsorların maddi dəstəyindən yararlanmallydıq. Layihə rəhbərləri belə demişdilər. Təəssüflər olsun ki, onların bu yöndə müraciətlərinə müsbət cavablar alınmadı. Bir-iki ay gözlədilər, söz verənlərdən isə səs çıxmadı. Amma bu işi yubatmadılar. İlhamə xanım və Namiq bəy öz maddi vəsaitləri hesabına bu kutab-toplunu yüksək səviyyədə çap edərək ictimaiyyətə təqdim etdilər. Kitabın arxa üzündə "Şəhidlər vurulduqları anda deyil, unudulduqları zaman ölürlər " sözlərindən sonra bir də bu kəlmə yazılmışdı: "Pulsuzdur". Bəli, artıq hər şey göz önündə idi. Vətənpərvərlik bundan artıq necə olmalıydı ki? Vicdan borcunu, insanlıq halını başqa nə cür izah etmək, sübuta yetirmək mümkündü ki? 11 nəfər türk, 49 nəfər azərbaycanlı yazarın ürək ağrısı ilə, göz yaşları içində qələmə aldıqları "Səni necə tanıdım" kitab-toplusunun birinci cildi (Azərbaycan və Türkiyə bayraqları ilə birlikdə) oktyabrın 16-da Sumqayıt şəhər Muğam Mərkəzində böyük bir təntənə ilə şəhid ailələrinə, yazarlara, ictimaiyyət nümayəndələrinə təqdim olundu. Həm də şəhidlərin oxuduqları məktəblərə də kitabları hədiyyə etmək yazarlara həvalə olundu. Rəsmi və bədii hissədən ibarət çox möhtəşəm bir tədbirlə bu gözəl layihənin ilk addımları atıldı. Bir il sürən bərabər yolçuluğumuz burada nəfəsini dərdi. Növbəti yolçuluğumuz da inşallah çox uğurlu və faydalı olar. Əməyi keçən hər kəsə sonsuz minnətdarlığımı bildirirəm.
Əntiqə Qonaq,
Əməkdar jurnalist