XARAKTER İNSAN
Bir az uzaqdan başlamaq istəyirəm. Daha doğrusu, başlamalıyam. Çünki, haqqında söz demək istədiyim söz adamı o uzaq dövrlərdən qalmadı, köhnə kişilərdəndi. 80-ci illərin əvvəlləri... Jurnalistika fakültəsinin əyani kurs tələbəsiyəm. Radio-televiziya ixtisası üzrə təhsil alıram. Birinci il televiziyanın ədəbi-dram verilişləri baş redaksiyasında təcrübə keçdim, ikinci il isə radionun eyni profilli redaksiyasında. O zaman orada çalışanların hamısı bizə çox əlçatmaz görünürdü. İllərdi radiodan səslərini eşitməyə alışdığımız, televiziyadan üzlərini gördüyümüz insanlarla üz-üzə idik. Söz soruşmağa, sual verməyə çəkinirdik. Yaxşı ki, bu vəziyyətdən bizi özləri çıxarırdılar. Salam verən, hal-əhval tutan, xoş gəldin deyən, kompliment söyləyən... Hərə öz xarakterinə uyğun olaraq müraciət edirdi bizə. Fəridə Aslanbəyova, Zəhra Hüseynova, Şəlalə Əlibəyli, Arif Şəfizadə, Həsən Vəliyev, Ayətxan Ziyad, Şamxal, Oqtay... İlk baxışda ciddi, qaraqabaq görünsələr də hərəsinin içində bir mərhəmət mələyi vardı sanki və bu mələklərlə onların özləri kimi davranmaqdan başqa yolumuz yox idi. Əslində elə bizə də bu lazım idi. Tələbəlik illərindən başlayaraq 1990-cı ilədək - 10 ilə yaxın bir müddət radionun o balaca, yığcam otaqlarına, səsyazma studiyalarına böyük-böyük arzularımızla birlikdə biz də yerləşdik, hamımız bir qazanda qaynayıb qarışdıq... İndi onlardan biri haqqında- Ayətxan Ziyad haqqında danışacam. Onun min bir zəhmətlə, məsuliyyətlə yola saldığı 75 ilə mənimlə çarpazlaşan müstəvidən işıq salmağa çalışacam. Dedim axı ilk dəfə təcrübə keçən tələbə kimi ayaq açmışdım ora. Əvvəllər müxtəlif həcmli süjetlər hazırlayırdım. Çox vaxt da mətnin səsləndirilməsini mənə həvalə edirdilər. Ləhcəsiz, təmiz ədəbi dildə, həm də sərbəst və oxunaqlı təqdim etməliydik işimizi. Bəzən dilimiz çaşırdı, doğulub yaşadığımız yerlərin danışıq tərzi girirdi araya. O zaman verilişin redaktoru Ayətxanın üzünü görmək lazımdı. Təkrar-təkrar başa qayıdırdıq. Ta ki, nəticə məhz onun istədiyi kimi olana qədər. Yəni qaydalar daxilində. O qədər məsuliyyətli idi, o qədər diqqətlə yanaşırdı ki, işinə onun tələblərinə uymaya bilməzdim. Bəzən daxilən əzəbiləşdiyim, narazı qaldığım vaxtlar da olurdu. Amma az sonra anlayırdım ki, bütün bunlar məhz ən çox bizə lazımdı. Bizi peşəkar jurnalist, radio işçisi kimi yetişdirirdi bu tələblər, bu məsuliyyət hissi. Ayətxan müəllim deyə müraciət edirdik ona. Başı aşağı, daim yazı masasının üstündə ayrı-ayrı müəlliflərin redaktə olunmalı yazıları... Kəsirdi, calayırdı, sözləri dartıb aid olduğu fikrin yanına çəkirdi, bəzən özünün də əlavələri olurdu. Sonra yazını bizə qaytarırdı, biz də makinaçı qızların yanına gedib redaktə edilmiş mətni yenidən təzə variantda yazdırırdıq. Beləcə özüm də hiss etmədən fakültədə keçdiyim "Redaktənin nəzəri əsasları" fənnindən öyrəndiklərimi təcrübədə təkmilləşdirir, mənimsəyirdim. Əsl müəllim yanaşması idi bu. Ayətxan müəllim bizə həm də müəllimlik edirdi, xəbərimiz yox idi bundan. Sonralar qəzetdə çalışarkən bu öyrəndiklərim o qədər karıma gəldi, əlimdən tutdu ki... Az keçməmiş mənə daha böyük etimad bəsləndi. Müəllif verilişi etibar olundu. Sonralar eşitdim ki, bunu Ayətxan müəllim təklif edibmiş redaksiyanın rəhbərliyinə. "Nəğməli-sözlü gənclik" və "Nəğməli-sözlü tələbə". Tələbə verilişinin redaktoru istedadlı şair, gözəl insan Şamxal Rüstəm idi. (Nurlar içində yatsın). Diğər verilişin redaktoru isə Ayətxan müəllim idi. Belə ki, ayrı-ayrı müəssisələrin bədii özfəaliyyət kollektivlərinin çıxışlarını lentə alır, sonra verilişə ifaçılar barəsində mətn də əlavə edib çox maraqlı və zövqlü bir proqram hazırlayırdıq. Özfəaliyyət kollektivlərinin çıxışlarını yazmaq üçün radionun ayrıca səsyazma studiyasının yerləşdiyi maşınla həmin müəssisənin klubunun, ya da mədəniyyət evinin yerləşdiyi məkana gedirdik. Bu musiqiləri dinləyərkən Ayətxan müəllimin üz cizgilərinə baxmaq lazım idi. Gözəl, qüsursuz ifa dinləyəndə sifətində məmnun bir ifadə olurdu, gözlərini yumub musiqinin sehrinə dalırdı. Elə ki, kiçik bir qüsur sezdi, ya da ki, ifaçı səsi yerinə oturda bilmədi onu təkrar- təkrar oxutdururdu. Ta ki, mükəmməl bir iş ortaya qoyulanadək. O zamanlar Ayətxan müəllimin daha bir bacarığının şahidi oldum. Musiqi duyumu çox yüksək səviyyədə idi. Bir müddətdən sonra bu verilişi təkbaşına mənə həvalə etdi. Özünün vacib işi çıxanda, yaxud da yeni çəkilişi olanda mən səs rejissoru ilə bərabər gedirdim çəkilişə. Amma tez-tez əlaqə saxlayırdı, vəziyyətdən xəbər tuturdu.Demək istədiyim odur ki, o dövrün jurnalistləri, redaktorları hərtərəfli idilər, özlərini daim təkmilləşdirirdilər. Həm də ağıryana idilər, sözlərinin, hərəkətlərinin yerini və çəkisini, sanbalını bilirdilər. Ayətxan Ziyad da belələrindən idi və peşə fəaliyyətimizin düz 10 ili bir məkanda çarpazlaşdı. O zaman Ayətxan müəllim qarışıq digərləri də bizə yaşca çox böyük gəlirdi. Bəlkə də bu onların oturuşmuş xarakterlərindən, sözlərinin, hərəkətlərinin, davranışlarının ağırlığından irəli gəlirdi. İndi baxıb görürəm ki, aramızda vur-tut 10 yaş fərq varmış. Bu nəhəng söz adamının, bu böyük şəxsiyyətin sanbalı da elə çoxlarında rastlaşmadığımız fərqli, həm də kişiyana xarakterində imiş. Heç vaxt bərkdən danışmadı, səsini qaldırmadı, təhqiramiz söz işlətmədi, ədəbsiz hərəkət etmədi. Əsla. Nümunə olacaq xarakteri və mədəni davranışı ilə, istedadı, bacarığı ilə qəlblərdə taxt qurdu, həmişə sevgiylə, məhəbbətlə xatırlandı. Çox sonralar kitab təqdimatlarında, başqa tədbirlərdə bir-iki dəfə qarşılaşdıq. Həmin o təmkin, o ağıryana davranış... Heç dəyişməmişdi. Dərin sular heç bulanmazmış, - doğru deyiblər. Ömrünün kamillik çağında köhnə iş yoldaşım, əziz həmkarım Ayətxan Ziyada sağlıqlı və uzun ömür diləyirəm. Var olun, çox yaşayın əziz insan. Nə yaxşı ki, dünyamızda varsınız və Sizi tanımaq nəsibimiz oldu.
Əntiqə Qonaq,
Əməkdar jurnalist