Azərbaycanın şanlı Zəfər tarixində Füzuli şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu qələbə xalqımızın doğma torpaqlarına bağlılığının, Azərbaycan Ordusunun qəhrəmanlığının və dövlətimizin qətiyyətli siyasətinin parlaq təcəssümüdür. Uzun illər yurd həsrəti ilə yaşayan insanların doğma torpaqlarına qayıdış ümidini gerçəyə çevirən bu tarixi nailiyyət milli yaddaşımızda əbədi yaşayacaq.
2020-ci il oktyabrın 17-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi. Vətən müharibəsinin gedişində qazanılan bu qələbə hərbi-strateji əhəmiyyəti ilə yanaşı, xalqımızın milli iradəsinin və torpaqlarımıza bağlılığının göstəricisi oldu. Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı və qazilərimizin şücaəti bu tarixi zəfərin əsasını təşkil etdi.
Füzulinin azadlığı həm də uzun illər davam edən dağıntıların, yurd həsrətinin və tarixi ədalətsizliyin aradan qaldırılması yolunda mühüm addım idi. İşğal dövründə şəhərin infrastrukturu dağıdılmış, yaşayış məntəqələri viran qoyulmuş, mədəni irsə ciddi ziyan vurulmuşdu. Buna baxmayaraq, Füzuliyə olan bağlılıq xalqımızın yaddaşından silinmədi. Şəhərin azad edilməsi doğma yurda qayıdışın və yeni həyatın başlanacağına inamı daha da gücləndirdi.
Bu qələbənin arxasında Vətən uğrunda canından keçən qəhrəmanlarımızın misilsiz fədakarlığı dayanır. Füzulinin hər qarış torpağı uğrunda aparılan mübarizə Azərbaycan əsgərinin cəsarətini, xalqımızın həmrəyliyini və müstəqil dövlətimizin gücünü nümayiş etdirdi. Şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilir. Onların göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün vətənpərvərlik, məsuliyyət və milli sədaqət nümunəsidir.
Azadlıqdan sonra Füzulidə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanıldı. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində şəhərin müasir tələblərə uyğun qurulması, infrastrukturunun yenilənməsi və əhalinin doğma yurdlarına qayıdışı istiqamətində mühüm addımlar atıldı. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Füzuliyə səfərləri, aparılan layihələrlə yerində tanış olmaları bu ərazilərin inkişafına göstərilən diqqətin bariz nümunəsidir.
Füzulinin bugünkü inkişafı Azərbaycanın gücünün, milli birliyinin və ardıcıl dövlət siyasətinin nəticəsidir. Şəhərin yenidən qurulması və həyata qayıtması sübut edir ki, xalqımız dağıdılmış yurdlarını bərpa etmək, tarixi irsini qorumaq və gələcək nəsillərə daha firavan Azərbaycan ötürmək əzmindədir. Füzuli Şəhər Günü bu baxımdan təkcə keçmiş qələbənin deyil, həm də gələcəyə yönəlmiş quruculuğun və milli qürurun təntənəsidir.
Azər ALLAHVERƏNOV,
Milli Məclisin deputatı