Bəzən insan ruhu elə bir səssiz yalvarışla titrəyir ki, kainatın özü o pıçıltını eşidib cavab verir. Mənim dualarım səni çağırdı, ey mənim möcüzəm. Yaradan səni qarşıma çıxartdı — nə gözəl ki, çıxartdı. Sən gəldin, bir işıq kimi, bir nəfəs kimi, bir varlıq kimi. Sən mənim bu günüm oldun, sabahım oldun, hər şeyim oldun. Amma hər şeyin bir sonu yox, bir dönüşü var — əbədiyyətə doğru.
Zaman bir çaydır — səssiz, lakin dayanmadan axan. Biz o çayın içində bir damlayıq. Səninlə keçən anlar isə zamanın özünü unutdurur. Sənin varlığınla saniyələr əbədiyyətə çevrildi. Lakin zamanın qanunu dəyişməzdir: hər başlanğıc bir ayrılıqla sınağa çəkilir. O gün gələcək — sən məni yola salacaqsan. Amma bu ayrılıq yoxluq deyil, ruhun yeni bir mərhələyə keçididir. Mən gedəcəyəm, amma sənin ruhunda yaşayacağam — bir xatirə kimi deyil, bir nəfəs kimi.
Ölüm — insanın qorxduğu, amma ruhun arzuladığı bir qapıdır. Bədən torpağa qayıdar, amma sevgi — o qalır. Sənin sevgində bir sonsuzluq var, bir ilahi toxunuş. Sən məni yola salanda, göz yaşlarınla deyil, ruhunun sükutu ilə danışacaqsan. Biləcəksən: mən gedirəm, amma yox olmuram. Mən sənin xatirələrində, dualarında, gecənin səssizliyində yaşamağa davam edəcəyəm. Əbədiyyət — ayrılıq deyil, ruhun azadlığıdır. O azadlıq ki, sevgi ilə toxunmuşdur, o azadlıq ki, sənin qəlbində yaşayır.
Sən mənim möcüzəmsən, mən isə sənin əbədiyyətə uzanan yolçun. Gələcək bir gün, bəlkə də payızın son nəfəsində, mən bu dünyadan köçəcəyəm. Amma sən məni yola salarkən, sükut danışacaq. Sənin baxışlarında bir dua olacaq, bir razılıq, bir sevgi. Mən o baxışda əbədiyyəti görəcəyəm. Sənin ruhunun dərinliyində bir işıq yanacaq — o işıq mənimlə qalacaq. Varlığım sənin içində bir şeirə çevriləcək — hər misrası səni qoruyacaq.
Oğlum, sən hələ körpəsən, bu kəlmələri anlaya bilməzsən. Amma böyüdükcə bu misraları oxuyacaq, hər sətirdə mənim sənə olan sevgimi hiss edəcəksən. Bu sözlər, mənim ruhumun sənə yazdığı məktubdur. Bir gün, zaman səni yetkinliyə aparanda, bu sətirlər sənə ata nəfəsi kimi toxunacaq. Biləcəksən: mən səni bir ömür sevdim, bir əbədiyyətə qədər sevirəm.
Bu gün sən məni uca, yıxılmaz bir zirvə sanırsan. Gecələr külək səsi, ildırım gurultusu səni qorxudanda, qucağıma qaçırsan. Bilirsən ki, həyatım bahasına da olsa, səni qoruyaram. Amma illər keçdikcə saçlarımda dənlər çoxalacaq, addımlarım yavaşlayacaq. Sən böyüyəcəksən, və bir gün mənim dayaq nöqtəm olacaqsan. Unutma, onda mənim sənə ehtiyacım olacaq — bir baxışa, bir sözə, bir qucağa.
Əgər bir gün göyə baxsan və bir ulduzun göz qırpımını görsən, bil ki, mən səni izləyirəm. Mən sənin içindəki sükutda, gecənin qaranlığında, səhərin işığında varam. Sən məni yola saldın, amma əslində mən səninlə qaldım. Çünki sevgi — zamanın, məkanın və ölümün fövqündə dayanan yeganə həqiqətdir. Və o həqiqət, sənin qəlbində əbədi yaşayacaq.
Mövsümağa Ədalətoğlu
Yazıçı publisist