İnsanın ömrü boyunca qarşılaşdığı münasibətlər, həyatın təkrarsız kitabının səhifələridir. Hər səhifədə yeni bir sima, yeni bir səs, yeni bir duyğu var. Bəziləri həyatımızda sönük iz buraxır, bəziləri isə illərlə silinməyən dərslərə çevrilir. Amma zamanla anlayırıq: kiminsə arxasınca çox qaçmaq – yalnız öz ruhumuzu yormağa səbəb olur. Çünki dəyəri ancaq haqq edənə verdikdə, insan həqiqi rahatlıq və xoşbəxtlik tapır.
Əslində dəyər vermək, sevgi və diqqət göstərmək deyil – bu, özünü tanımaq, öz hüdudlarını müəyyən etmək bacarığıdır. Əgər sən dəyərini bilmədən, hər kəsə sonsuzca səmimiyyət və zaman bağışlayırsansa, bir gün öz ruhundan geriyə bir şey qalmaz. Dəyərsiz insana verilən dəyər, nə onu dəyişdirər, nə də səni yüksəldər – əksinə, səni öz dəyərində şübhəyə salacaq qədər yorar.
İnsan başqasına verdiyi qədər, özünə də borcludur. Öz ruhunu, enerjisini, sükunətini qorumaq – dəyər verdiklərindən daha vacibdir. Hər kəsə haqq etdiyi qədər yanaşmaq, nə laqeydlikdir, nə soyuqluq – bu, düşünülmüş və ədalətli bir mövqedir. Belə münasibətdə nə istismar var, nə də inciklik. Sadəcə bərabər ölçü, düzgün tərəzi və sağlam bağ var.
Dəyərli olana dəyər verdikdə, o sənə qarşı minnətdarlıqla yanaşır. Əvəzolunmaz olduğunu hiss etdirməyə çalışmaz, çünki bilir – bu münasibət sevgi ilə yox, anlayışla qurulub. Dəyərli olmayan isə, sən onun üçün çox şey etdikdə, bunu alışılmış bir haqq kimi görür. Səni öz ehtiyaclarının kölgəsində unudar və o kölgədə sənin işığını söndürməyə çalışar.
Əgər insan öz içindəki gücü tanıyırsa, artıq onun münasibətləri də ona uyğun formalaşır. Özünü tanıyan insan, artıq özünü itirməyə çalışmaz – o, dəyərini qoruyar, seçimlərində təmkinli olar, səmimiyyətini sərhədlə bölüşər. Bu anlayış, insanı təkcə xoşbəxt deyil – həm də azad edir. Azadlıq isə dəyərin ən böyük göstəricisidir.
Mövsümağa Ədalətoğlu
Yazıçı-publisist.