Hər insan bu dünyaya öz yolu, öz duruşu, öz mənliyi ilə gəlir. Kimi həyatın rüzgarında yönsüz qalır, kimi isə mənəvi dayaqları ilə hər fırtınaya sinə gərir. Şəxsiyyət – insana verilən ən böyük sərvətdir. Onu qorumaq təkcə özünə hörmət deyil, həm də Yaradanın verdiyi dəyərə sadiqlikdir.
Hesab çəkmək, kiminsə könlünü qazanmaq üçün şəxsiyyətindən vaz keçənlər çoxdur. Amma əsl insan – nə tülküyə “bəy”, nə də itə “paşa” deyər. Çünki bu ünvanlar mənliyə yox, məcburiyyətə tabe olur. Mənlik isə məcburiyyət tanımır. Mənliyə sahib olan şəxs, heç kimin qarşısında əyilməz – yalnız Allahın dərgahında diz çökər. Bu əyilmə – zəiflik deyil, ruhun ucalığıdır.
Kiminsə xoşuna gəlmək üçün əyilən insan, bir gün öz kölgəsini belə tanımayacaq qədər itirər özünü. Amma şəxsiyyətini qoruyan insan, susa bilər, çəkilə bilər, amma əyilməz. Çünki onun içində bir səs var – onu yönləndirən, onu ayıldan, onu qoruyan bir ilahi səs. Bu səs – vicdanın səsidir. Vicdan əyilməzsə, insan da əyilməz.
Kişi kimi yaşamaq, kişi kimi getmək – sadəcə cəsarət yox, düşünülmüş mövqedir. Bu mövqe özünə, ailəsinə, cəmiyyətə və ən əsası Allahın verdiyi insanlıq məqamına sadiqlikdir. Bu sadiqlik, gündəlik davranışda, alın təərində, heç kimin görmədiyi qərarlarda özünü büruzə verir.
Şəxsiyyətini qoruyan insanı zaman dəyişdirə bilməz, ətraf əyməz, maddiyyat satın ala bilməz. O insan bir gün ölsə də, adı əyilməzlər sırasında yazılar. Belə insanlar Allahın qarşısında əyilir – çünki bilir ki, əyilməyə yalnız Haqq layiqdir.
Mövsümağa Ədalətoğlu
Yazıçı-publisist.