Bəzən insan elə düşünür ki, sevdiyi, güvəndiyi insanlar onun kimi hiss edər, onun verdiyi dəyərin qarşılığını anlayar. Amma zaman göstərir ki, bir ömür belə bəs etmir insanların gerçək üzünü tanımağa. Mən öz ömrümün ən gözəl anlarını, ən saf hisslərimi verdim o insanlara. Dost bildiklərimə...
Gülüşümü paylaşdım, dərdimi bölüşdüm, hər çağırışa hazır oldum. Amma sonda gördüm: mənim verdiklərim onların yaddaşına yox, unutqanlığına yazılıbmış. Qədrimi bilmədilər. Susdum, çünki içimdə qırılanlar artıq sözlə sağalmaz olmuşdu.
İnsan zamanla anlayır ki, dəyər vermək gözəldir, amma hər kəs o dəyəri daşımağa layiq olmur. Hər “dost” deyilən, ürəyə girməyi bacarmaz. Bəzi insanlar sənin işığında isinir, sonra sənin yandığını görməzlər.
Bu gün susuram, amma dərsimi almışam: bundan sonra verdiyim hər söz, hər an, hər gülüş diqqətlə seçiləcək. Çünki mənə dəyər verməyənlərə bir daha ömrümün heç bir parçasını bağışlamaram.
Səbuhi Həsənov.