“Rusiya humanitar yardımın İrana çatdırılmasında köməyə görə Azərbaycan hakimiyyətinə minnətdardır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Diplomat Rusiyanın İran əhalisinə humanitar yardım göstərməyə davam etdiyini diqqətə çatdırıb. O, dərman vasitələrindən ibarət ikinci humanitar yardım partiyasının təhvil prosesinin martın 27-də İran-Azərbaycan sərhədində yerləşən Astarada baş tutduğunu xatırladıb.
Dəmir yolu nəqliyyatı ilə çatdırılan humanitar yardımın ümumi çəkisi 300 tondan çoxdur. Həmin gün Rusiyanın Dağıstan Respublikasından toplanmış daha təxminən 150 ton humanitar yardım yük maşınları ilə Astaraya gətirilib.
“Göstərilən köməyə görə Azərbaycan hakimiyyətinə minnətdarıq”, - Zaxarova qeyd edib.
Qeyd edək ki, Rusiya Azərbaycan ərazisi vasitəsilə İrana dərman preparatlarının ilk partiyasını martın 12-də təyyarə vasitəsilə göndərib.