Şah İsmayıl Xətainin doğum tarixi ilə əlaqədar bu günlərdə mediada xeyli yazıları, xüsusilə Türkiyə televiziyalarında reportajları izlədik. Bütün bunlar müsbət tendensiya olaraq genişlənməlidir.
Azərbaycan türklərinin böyük sərkərdəsi, nəhəng dövlət xadimi haqqında müxtəlif zamanlarda çox qərəzli fikirlər səsləndirənlər olurdu. Həm Türkiyədə, həm də Azərbaycanda bəzi qüvvələr o böyük şəxsiyyəti aşağılamaqla məşğul olurdular. Bəziləri bilərəkdən, bir çoxları məlumatsızlıqdan bu aşağılama prosesinə qoşulurdu. Amma onu unutmaq olmaz ki, qaranlığın ömrü günəş çıxana qədərdir. Türk oğlu Şah İsmayıl Xətaini farslarla bağlamaq cəhdi, dini bölücülük iddiaları və digər qərəzli yanaşmalar uğurlu addım ola bilməzdi və olmadı da.
Tarixi şəxsiyyətlərdə müəyyən zaman kəsiyində qüsur axtarmağın özü qüsurludur. Şah İsmayıl Xətainin dövlətçilik təfəkküründə, siyasi baxışlarında nöqsan, səhv axtarmamalıyıq. Onu qürur duyulası tarix kimi öyrənməliyik və Türk dünyasına tanıtmalıyıq ki, tarixi gerçəyi hər kəs bilsin. O zaman bir çox qərəzli tarixçilər həqiqəti anlayarlar.
Digər təəssüf edici məqam ondan ibarətdir ki, Şah İsmayıl Xətai haqqında bu vaxta qədər heç bir bədii film çəkilməyib. Onu da unutmaq olmaz ki, yalnız peşəkar insanların çəkə biləcəyi film həm Xətaini, həm də şərəfli tariximizi bizə daha yaxından tanıda bilər. Filmlərlə, yazılmış acınacaqlı ssenarilərlə bağlı məqamlar başqa bir söhbətin mövzusudur. Bəziləri sənədli filmlərlə bədii filmi qarışıq salır. Belə ciddi yanlışlıqlar son dönəmlər tez-tez təkrarlanır.
Nəhayət Şah İsmayıl Xətai haqqında kifayət qədər yazılmalı, danışılmalı məqamlar var. Xətai də xəta edə bilər. Amma həmin xətalar o böyük şəxsiyyətin Azərbaycan tarixindəki mövqeyinə kölgə sala bilməz. Şah İsmayıl Xətai zirvədir. Biz o zirvədən Azərbaycanın keçmişinə, bu gününə, sabahına baxmalıyıq. Baxmalıyıq ki, güclü, qüdrətli olaq, dövlətimiz əbədi olsun.
Əkrəm Bəydəmirli