Polad ağa İbrahimovun 19 yaşı var. Müəyyən səblər ucbatından ali təhsil ala bilməsə də həm istedadlı ssenarist, həm rejissor, həm də təşkilatçıdır. O, 2 il öncə Əbədi Tədbirlər Birliyi layihəsini yaradıb.Ətrafına özü kimi istedadlı uşaq, yeniyetmə və gəncləri toplayıb.Dəfələrlə Azərbaycan Müdafiə Nazirliyinin tərkibindəki hərbi hissə və taborlarda maraqlı tədbirlər keçirib. Həmin tədbirlərdə şanlı Ordumuza, həmçinin, şəhid və qazilərimizə həsr olunan mono tamaşalar nümayiş olunub. Bu günlərdə onun yazdığı ssenari əsasında "Cənnətdəki 4 ağac" tamaşası səhnələşdirilib.
İyulun 18-də Şuşa Dövlət Dram Teatrının böyük zalında həmin tamaşaya baxış keçirildi. Azərbaycanın Dövlət Himni səsləndirildi, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.
Polad ağa bəyin rəhbərlik etdiyi komanda Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən savaş zamanı şəhid olmuş Vəfa Dəmirçioğlu, Tural Qarayev, Zaur İsmayılzadə və şəhid polis əməkdaşı Seyfi Abdullayev obrazlarını canlandırdılar.
Həqiqətən də Polad ağa bəy başda olmaqla bütün heyətin fəaliyyəti alqışlanmalıdır.
Tamaşanın nümayişindən sonra çıxış edən "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, jurnalist Şamil Sabiroğlu, "Müharibə Veteranı Qadınlarına Sosial Dəstək" ictimai birliyinin sədri, müharibə veteranı Radə Abbas, jurnalistlər - şəhid Vəfa Dəmirçioğlunun bacısı Zərəngiz Qayalı, Jalə Cəfərova, Aybəniz Qafarlı, 44gunsavash.az saytının baş redaktoru, yazıçı - publisist Mövsümağa Ədalətoğlu, şəhid Tural Qarayevin anası Səmayə Qarayeva, şəhid Zaur İsmayılzadənin anası, müharibə veteranı Sevil Hüseynova, şəhid Seyfi Abdullayevin anası Şövqiyyə Abdullayeva çıxış edərək Polad ağa İbrahimovun rəhbərliyi altında fəaliyyət göstərən kollektivə ən xoş arzularını bildirdilər.
Sonda tamaşada çıxış edən aktyorlara "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi adından Təşəkkürnamə təqdim edildi.
Mövsümağa Ədalətoğlu,
AJB üzvü, yazıçı - publisist.