• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Trampın Latın Amerikası əməliyyatı: Venesuela, Meksikadan sonra Kuba və Kolumbiyadır? - ŞƏRH

Gündəm / Siyasət

23-02-2026, 17:14

Trampın Latın Amerikası əməliyyatı: Venesuela, Meksikadan sonra Kuba və Kolumbiyadır? - ŞƏRH


Meksikada Venesuela variantı təkrarlanmadı

Ötən gün Meksika Müdafiə Nazirliyi ölkənin "Xalisko Yeni Nəsil" adlı ən böyük narkokartelinin başçısı, El Menço ləqəbli Nemesio Oseqera Servantesin zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirib. Bu tədbirdə narkobaron öldürülüb. Əməliyyata Meksikanın Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarələri və Milli Qvardiyanın çevik müdaxilə xüsusi qüvvələri cəlb edilib. Nazirliyin açıqlamasında bildirilib ki, əməliyyat zamanı hərbçilər hücuma məruz qalıblar: "Nəticədə cinayətkar qrupun dörd üzvü hadisə yerində həlak olub və üçü ağır yaralanıb".

Məlumata görə, əməliyyat nəticəsində narkokartelin iki üzvü tutulub, meksikalı üç hərbçi yaralanıb: "Kartel üzvlərindən müxtəlif silahlar və zirehli texnika, o cümlədən təyyarələri vurmağa və zirehli texnikanı məhv etməyə qadir raket qurğuları müsadirə edilib".

Silahlılar liderlərinin ölüm xəbərindən sonra müharibə elan ediblər. Onlar mülki şəxsləri öldürəcəklərinə söz veriblər. Kartel üzvləri Milli Qvardiyanın bazasına hücum ediblər.

El Menço öldürüləndən sonra ölkənin səkkiz ştatında, o cümlədən Xalisko, Miçoakan, Kolima, Tamaulipas, Quanaxuato və Aquaskalyentesda kartel üzvləri avtomobil yollarını bağlayıb, iğtişaş törədiblər. Meksikanın bir sıra regionunda avtomobil yollarının kütləvi şəkildə bağlanması, maşınların və kommersiya müəssisələrinin yandırılması faktı qeydə alınıb.

Yeri gəlmişkən, Azərbaycanın Mexikodakı səfirliyi davam edən iğtişaşlarla bağlı Meksikadakı azərbaycanlılara müraciət edib. Bildirilib ki, Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq bu ölkədə səfərdə olan və ya müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına Xalisko ştatı, eləcə də qonşu Miçioakan, Quanaxuato, Kolima, Aquaskalientes, Zakatekas və Nayarit ştatlarında yerli dövlət orqanları tərəfindən verilən təhlükəsizlik tövsiyələrini diqqətlə izləmələri və onlara ciddi şəkildə riayət etmələri tövsiyə olunur.

Nemesio Oseqera Servantes, yəni El Menço qəddarlığı ilə tanınıb. Narkotik sindikası 2010-cu ildə Xalisko ştatında yaranıb, zaman keçdikcə öz təsirini bütün ölkəyə yayıb. El Menço əvvəllər polis əməkdaşı olub. O, ABŞ-yə böyük həcmdə kokain, metamfetamin və fentanil qaçaqmalçılığına cavabdeh olan güclü cinayətkar təşkilat yaradıb. 60 yaşlı El Menço Meksikanın ən çox axtarılan cinayətkarlarından biri olub. Dövlət Departamenti El Mençonun həbsinə və ya məhkum edilməsinə səbəb ola biləcək məlumat üçün 15 milyon dollara qədər mükafat elan etmişdi.

ABŞ Dövlət Departamentinin qiymətləndirməsinə görə, o, ölkədə kokain, heroin və metamfetamin qaçaqmalçılığı üzrə ən böyük imkanlara malik idi, həmçinin fentanil tədarükü ilə məşğul olurmuş. El Menço rəqib qruplaşmaların üzvlərinin və Meksika hüquq-mühafizə orqanları əməkdaşlarının çoxsaylı qətllərində təqsirli bilinir, həmçinin Meksika hökuməti nümayəndələrinə sui-qəsd cəhdlərinə aidiyyəti olduğu güman olunur.

Ağ Evin mətbuat katibi Kerolin Livitt bildirib ki, ABŞ kəşfiyyatı Meksika hakimiyyətinə "Xalisko Yeni Nəsil" narkokartelin başçısı, El Menço ləqəbi ilə tanınan Nemesio Ruben Oseqera Servantesi izləyib zərərsizləşdirməyə kömək edib. Mətbuat katibi bildirib ki, Birləşmiş Ştatlar Meksika hökumətinə Talpalpa əməliyyatının keçirilməsinə kəşfiyyat dəstəyi göstərib: "Bu əməliyyat zamanı El Menço - bədnam narkobaron və "Xalisko Yeni Nəsil" kartelinin lideri zərərsizləşdirilib. ABŞ ərazimizə ölümcül narkotik göndərən narkoterrorçuların çoxdan layiq olduqları məhkəmə qarşısına çıxması üçün mümkün olan hər şeyi edəcək".

Hələ bu ilin yanvarında Prezident Donald Tramp Meksikanı narkokartellərin mövqelərinə zərbələr endirəcəkləri ilə bağlı bir neçə dəfə xəbərdarlıq etmişdi. Venesuelada Nikolas Maduroya qarşı əməliyyat keçirildikdən sonra Meksikada Donald Trampın xəbərdarlığından narahat olmağa başladılar. Bunun ardınca Meksika Prezidenti Klaudia Şeynbaum Ağ Evə, Donald Trampa antinarkotik tədbirləri keçirdiklərini isbatlamaq üçün yanvarın 20-də ABŞ-yə cinayətkar qruplaşmanın 37 üzvünü təhvil verib.

Klaudia Şeynbaum hökuməti bəyan etdi ki, bu addım hər iki ölkənin xeyrinədir, suverenlik və ərazi bütövlüyünə tam hörmət edilməsi üçün ABŞ ilə koordinasiyalı iş aparılır.

Meksika hökumətinin Birləşmiş Ştatlara təhvil verdiyi 37 nəfər Vaşinqton, Hyuston, Nyu-York, Pensilvaniya, San-Antonio və San-Dieqoda mühakimə olunacaqlar. Onlar müəyyən müddətə azadlıqdan məhrum ediləcək, ABŞ prokurorları onlara ölüm cəzası tələb etməyəcək.

ABŞ-nin Baş prokuroru Pem Bondi onda bildirmişdi, bu, Donald Tramp administrasiyasının kartelləri məhv etmək missiyasında daha bir tarixi nailiyyətdir: "Onlar Amerika xalqına qarşı cinayətlərinə görə cavab verəcəklər".

Donald Tramp Venesuela kimi Meksikanı da narkokartellərin idarə etdiyi iddiasını irəli sürürdü. ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kaş Patel bu ölkəyə səfər edərək hakimiyyət orqanları ilə narkotacirlərin təhvil verilməsi istiqamətində danışıqlar apardı. O, Mexikodan əliboş qayıtmadı. Yanvarın 23-də FTB-nin ən çox axtardığı on qaçqın cinayətkar siyahısına daxil olan Alexandro Rosalesi və Rayan Ueddinqi götürüb ABŞ-yə apardılar. Birinci 2016-cı ildə Şimali Karolinada bir qadının öldürülməsi işi üzrə axtarışda idi. İkinci, FTB-nin iddiasına görə, böyük idmandan ayrıldıqdan sonra (Ueddinq 2002-ci il Olimpiadasında snoubordda medal uğrunda mübarizə aparmışdı) Meksikanın Sinaloa kartelinə qoşulmayıb, Kolumbiyadan Meksika vasitəsilə ABŞ və Kanadaya kokain tədarükünün transmilli şəbəkəsinə rəhbərlik etməyə başlamışdı.

Rəsmi Vaşinqton Latın Amerikası ölkələrindən, o cümlədən Meksikadan ABŞ-yə narkotik maddələrin axını olduğunu dəfələrlə bildirib. Hətta mühacirlərin və narkotiklərin qarşısının alınması məqsədilə iki ölkə arasında beton divar da hörüldü. O vaxt rəsmi Mexiko Ağ Evin bu addımını qınamışdı.

Hələ 2023-cü ildə Donald Tramp bildirmişdi ki, yenidən prezident seçiləcəyi təqdirdə Meksika kartellərinin mövqelərinə zərbə vurmaq barədə düşünür. Nikolas Maduronun həbsindən sonra Ağ Evin rəhbəri kəskin şəkildə diqqətini Latın Amerikasının başqa ölkələrinə, o cümlədən Kuba və Meksikaya yönəltdi.

ABŞ-nin dövlət katibi Marko Rubioya Meksikanın 75 deputatı məktub göndərərək bildirmişdilər ki, birtərəfli hərbi hərəkətlər Meksikanın suverenliyini pozar və Prezident Klaudia Şeynbaumun başlatdığı yeni əməkdaşlıq dövrünü kölgələyər. Onlar ölkə prezidentinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə kəşfiyyat imkanlarını gücləndirdiyini, qətllərin səviyyəsini əhəmiyyətli dərəcədə azaltdığını, ölkə tarixində ən böyük fentanil müsadirəsini həyata keçirdiyini və başqa uğurları qeyd ediblər.


Klaudia Şeynbaum 2024-cü ilin oktyabrında vəzifəsinin icrasına başladıqdan sonra paytaxtda zorakılıq epidemiyasının qarşısı alındı. Şəhər hakimiyyətləri polisin səlahiyyətlərini genişləndirdi, əməkdaşların maaşını 50%-dən çox artırıldı və videomüşahidə sistemi kəskin şəkildə (beş il ərzində, Şeynbaum mer olduğu illərdə Mexikoda küçə kameralarının sayı təxminən 15 mindən 80 minə qədər artıb) gücəndirildi. Bundan başqa, zorakı olmayan cinayətlərə – narkotik saxlama və ya oğurluğa görə tutulan gənclər psixoloqların və polisin iştirakı ilə çoxaylıq reabilitasiya kurslarından keçmək qarşılığında həbsdən azad edilirdilər. Bir sözlə, Donald Trampın narkotikə, narkokartellərə qarşı mübarizə konsepsiyası Klaudia Şeynbaumun həyata keçirdiyi plana tam uyğun gəlirdi.

2025-ci ilin məlumatına əsasən, cinayətkar qruplar Meksikanın üçdə birinə nəzarət edir. Onlar dövlətin rəsmi qurumları ilə paralel idarəetmə institutları yaradıb, rəsmi institutlarla rəqabət apararaq paralel hakimiyyət sistemi formalaşdırıblar. Bu qruplar sadəcə narkotik ticarəti ilə məşğul olmur, vergi toplayır, ədalət mühakiməsi həyata keçirir və əhaliyə sosial xidmətlər göstərirlər.

Donald Tramp 2025-ci ilin fevralında Meksikada səkkiz ən böyük karteli terror təşkilatı elan etdi. Bununla da o, yerli problemi qlobal müstəvidə beynəlxalq təhlükəsizlik çağırışına çevirdi.

Mütəxəssislər hesab edirlər ki, Meksika kartelləri müasirliyin sistemli fenomenidir. Onlar eyni anda iki ölçüdə mövcuddur: qlobal biznes strukturları və kölgə hökumətləri kimi. Bildirilib ki, bu ikili xarakter onları faktiki olaraq toxunulmaz edir. Çünki dövlət onlarla cinayətkar kimi davrana bilmir. Bu halda dövlət alternativ hakimiyyət sistemi ilə üzləşir.

Nəzarət altındakı ərazilərdə kartellər mübahisələri kölgə məhkəmələri vasitəsilə həll edir, biznesdən müntəzəm ödənişlər toplayır, yerli hakimiyyətlərin kadr siyasətinə təsir göstərir və ictimai davranış qaydaları müəyyən edirlər. Məsələn, "Xalisko Yeni Nəsil" karteli müasir tipli qlobal françayz kimi fəaliyyət göstərir. Mərkəzi rəhbərlik strategiyanı müəyyən edir, Meksikanın 32 ştatından 28-də regional nümayəndəliklər isə yüksək muxtariyyət dərəcəsi ilə işləyir. Odur ki, bu cinayətkar dəstə halından kadr siyasəti və marketinq strategiyaları olan transmilli korporasiya kimi fəaliyyət göstərir.

Məlumatlara görə, Meksikada 2023-cü ilə qədər kriminal strukturların işçilərinin sayı 175 min nəfərə çatmışdı. Çünki kartellər ölkənin beşinci ən böyük işəgötürəninə çevrilmişdi.

Meksikada hər dördüncü biznes gəlirinin dörddə birindən yarısına qədərini kriminal strukturlara verir. Pullar qanuni bank kanalları vasitəsilə keçir – beləliklə, dövlət vergiləri itirir, kartellər isə yuyulmuş vəsaitlər əldə edirlər.

Kartellər Meksikanın rəsmi siyasi həyatına da fəal qatılırlar. Onlar yalnız paralel hakimiyyət strukturları yaratmır, həm də seçki kampaniyalarının maliyyələşdirilməsi, xoşagəlməz namizədlərin qorxudulması və birbaşa zorakılıq vasitəsilə mövcud institutlara təsir göstərirlər. 2023–2024-cü illər seçkiləri zamanı kartellər tərəfindən 36 siyasətçinin qətl edildiyi, 828 namizədə isə hücum olunduğu bildirilir.

Meksikada hakimiyyətə paralel kartellərin təmizlənməsi prosesində ABŞ-nin də iştirakı istisna edilmir. Çünki Ağ Ev üçün Meksika Venesuela deyil. Venesuelanın keçmiş prezidenti və Klaudia Şeynbaum yəhudi olsalar da, rəsmi Mexiko qarşısında qoyulan şərtlər də Madurodan edilən tələblərdən fərqlənir. Venesuela ABŞ-nin dostu olmayanlarla əməkdaşlıq edirdi.

ABŞ və Meksika 2 min millik ortaq sərhəd və sıx iqtisadi əlaqələrlə bağlı olan əsas strateji tərəfdaşlardır. Meksika 2022-ci ildə 779 milyard dollardan çox göstərici ilə ABŞ-nin ən böyük ticarət tərəfdaşlarından biridir. Əməkdaşlıq ticarət, təhlükəsizlik, narkotik qaçaqmalçılığı ilə mübarizə və idarəetmə sahələrini əhatə edir.

2024-cü ilin yekunlarına görə, ikitərəfli ticarətin həcmi tarixi maksimuma çataraq 839 milyard dolları keçib. Bununla yanaşı, Meksika ABŞ idxalının əhəmiyyətli hissəsini təmin edərək Çin və Kanadanı xeyli qabaqlayır. Odur ki, Meksika ABŞ üçün vacib tərəfdaş sayılır. Odur ki, bu ölkəni narkokartellərin və başqa cinayətkar strukturların idarə etməsi Vaşinqtonun regional və geostrateji maraqlarına uyğun sayılmır.

Venesueladan sonra növbədə Kuba, ya da Kolumbiyanın olacağı ehtimal edilirdi. Donald Tramp Venesueladakı "parlaq" adlandırdığı əməliyyatdan danışarkən "hazırlaşmalı olacaq" daha üç ölkənin adını açıqlamışdı: "Meksika ilə nəsə etmək lazım olacaq. Kartellər Meksikanı idarə edirlər". O qeyd etmişdi ki, bu məsələni Klaudia Şeynbaum ilə söhbətlərində dəfələrlə qaldırıb, ancaq nəticə əldə etməyib. Fevralın 22-də isə bu istiqamətdə Vaşinqtonla Mexikonun birgə əməliyyatı artıq başlayıb.

Tramp həmin çıxışında Kubaya dair demişdi: "Kubada işlər pis gedir. Biz Kubada olan və ölkəmizdə yaşayan insanlara kömək etmək istəyirik".

Dövlət katibi Marko Rubio isə onun çıxışına əlavə etmişdi: "Havanada yaşasaydım, hökumətdə olsaydım, narahat olardım".

Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petroya da açıq şəkildə hədə-qorxu gəlmişdi: "Onun kokain fabrikləri, kokain istehsal etdiyi zavodları var". ABŞ lideri bildirmişdi ki, Qustavo Petro "həqiqətən öz arxasını qorumalıdır".

Donald Trampın prezidentliyi dövründə bu ölkələrdə müxtəlif istiqamətdə əməliyyatlar keçirilə bilər, xüsusən, antinarkotik əməliyyatların bir istiqaməti ABŞ-də reallaşa bilər. Çünki bu, qlobal şəbəkədir. Onlar "ağ ölümü" bu ölkənin ərazisində pula çevirirlər. Bu baxımdan, yaxın gələcəkdə onların ABŞ-dəki patronları, yaxud lobbilərinə qarşı da əməliyyat keçirilməsi ehtimal olunur. Əks halda, xərçəng xəstəliyinə oxşar belə kartel yenidən dirçələcək. Ona görə ABŞ, Kuba, Meksika, Venesuela, Kolumbiya və Latın Amerikasının başqa ölkələrini əhatə edən bu şəbəkənin sıradan çıxarılması Donald Trampın ən uğurlu regional əməliyyatı ola bilər.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

3-02-2026, 17:21

Klassik "neft silahı" meydanda - SSRİ üzərindəki uğur təkrarlana bilər - ŞƏRH

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

30-07-2024, 15:44

Qərb Venesuelanı itirmək istəmir - Maduro 11 ildən sonra yenə sınaqda - ANALİZ

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:00
    Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək
  • Bu gün, 17:35
    XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir
  • Bu gün, 17:02
    Həftəsonu Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:42
    İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib
  • Bu gün, 16:17
    İfşa olunan Fransa: Rəsmi Paris və deputatların cani erməni sevdası – ŞƏRH
  • Bu gün, 13:10
    Sabahın hava proqnozu açıqlanıb
  • Bu gün, 12:42
    Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
  • Bu gün, 12:11
    SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
  • Bu gün, 11:35
    İlham Əliyev sloveniyalı həmkarını təbrik edib
  • Bu gün, 10:58
    Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"
  • Bu gün, 10:16
    Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir
  • Bu gün, 09:32
    Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir
  • Bu gün, 08:57
    Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB
  • Dünən, 18:14
    Əli Əsədov Numan Kurtulmuşla görüşüb
  • Dünən, 17:41
    "Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb
  • Dünən, 17:06
    Kubada Venesuela variantına hazırlıq – "Azadlıq adası"nın "halına yanan gərək" - ŞƏRH
  • Dünən, 16:35
    Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb
  • Dünən, 16:09
    Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq
  • Dünən, 15:26
    Pakistanın Azərbaycandakı səfirliyi iki gün işləməyəcək
  • Dünən, 14:56
    Pakistan XİN: ABŞ-İran texniki danışıqları gələn həftə bərpa olunacaq
  • Dünən, 13:23
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • Dünən, 13:01
    Gələn həftə direktorların işə qəbulu üzrə elektron qeydiyyatı başlayacaq
  • Dünən, 12:29
    Şuşada TDT ölkələrinin dini qurumlarının rəhbərlərinin Birinci görüşü keçiriləcək
  • Dünən, 11:50
    MM sədri: Azərbaycan İƏTPİ Konfransının hədəflərinin irəli aparılmasına tam sadiqdir
  • Dünən, 11:20
    İlham Əliyev: Qərbdə bəzi siyasi dairələr İslam dininə qarşı qərəzli təsəvvür yaratmağa cəhd göstərir
  • Dünən, 10:24
    Dövlət qulluqçularının peşə bayramı - dövlətçiliyə sədaqətin və məsuliyyətin təntənəsi
  • Dünən, 10:22
    Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq
  • Dünən, 09:48
    Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb
  • Dünən, 09:19
    Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib
  • Dünən, 08:45
    Bakıda yalnız 3 istiqamətdə tıxac var
  • 23-06-2026, 18:59
    Autizm və daun sindromlu uşaqlar üçün "Lavi" Akademiyası istifadəyə verildi!
  • 23-06-2026, 17:37
    İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
  • 23-06-2026, 16:55
    Sabahdan bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ
  • 23-06-2026, 16:15
    Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub
  • 23-06-2026, 15:41
    DSMF: Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə