İnsan paltarı ilə deyil, vicdanının ağırlığı ilə ucalır…
İnsan var, əyninə dünyanın ən bahalı libasını geyinir, amma qəlbindəki xarabalığın üstünü örtə bilmir. Qızıl saplarla toxunmuş paltarlar belə dağılmış mənəviyyatın çatlarını gizlətməyə qadir olmur. Çünki paltar bədəni örtür, xarakter isə insanı aşkara çıxarır. Ruh viranədirsə, ən parlaq görünüş belə işıqlandırılmış bir xarabalıqdan başqa bir şey deyil.
İnsan da var, çiyinlərində köhnə bir paltar daşıyır, lakin qəlbində elə bir ləyaqət tacı gəzdirir ki, şahların taxtı onun yanında miskin görünür. Çünki bədənə geyinilən paltarın qiyməti olur, ruha geyinilən xarakterin isə dəyəri.
Marka bədəni bəzəyər, əxlaq isə taleyi. Pul cibə ağırlıq verər, vicdan isə insanın adına. Tarix boyu sərvəti ilə öyünənlərin adını zamanın küləkləri torpağa gömüb, mənəviyyatı ilə yaşayanların izi isə əsrlərin yaddaşından silinməyib. İnsan daşdan saraylar tikə bilər, amma xarakterinin uçurumu qarşısında yenə də aciz qalar.
Ən böyük yoxsulluq cibin boşluğu deyil, ruhun səfil qalmasıdır. Vicdanını mənfəətə satan adamın qazandığı hər sərvət, əslində, öz qəbrinin daşına əlavə etdiyi ağırlıqdır. Dünyanın bütün qızılları bir damla təmiz vicdanın işığı qədər qiymətli ola bilməz.
Bəzən insanın paltarına baxıb ona qiymət verirlər. Halbuki kainat insanı geyiminə görə yaratmayıb. Ulduzlar heç kəsin qolundakı saatın markasına görə parlamır. Günəş heç kimin bank hesabına görə doğmur. Torpaq da varlının ayağı altında daha yumşaq olmur. Hamımızın son ünvanı eyni sükutun, eyni qaranlığın qoynudur. Orada nə bahalı kostyum danışacaq, nə pulla alınmış hörmət, nə də nümayişkaranə əzəmət. Orada yalnız vicdanın səsi eşidiləcək.
Hər ürək bir insan daşıyır. Amma hər insan bir ürəyin yükünü daşıya bilmir.
Çünki ürək sadəcə qan daşımır. Ürək etibar daşıyır. Sədaqət daşıyır. Ümid daşıyır. Dua daşıyır. Göz yaşı daşıyır. Bir insanın sənə əmanət etdiyi bütün inamı daşıyır. O yükü çəkmək üçün güclü çiyin deyil, böyük ruh lazımdır. Hamı sevilmək istəyir, amma hamı bir ürəkdə yaşamağa layiq olmur.
İnsan bəzən özünü uca sanır. Halbuki ucalıq boyun hündürlüyündə deyil, mənəviyyatın dərinliyindədir. Dağlar zirvəyə çatdığı üçün böyük deyil, dənizlər dərin olduğu üçün əzəmətlidir. İnsan da yüksəldiyi qədər deyil, dərinləşdiyi qədər insandır.
Və gün gələcək...
Bahalı geyimlər dolablarda unudulacaq. Qızıllar başqa əllərin barmaqlarında parlayacaq. Adını ucaltdığını düşündüyün şöhrət zamanın daş divarlarına dəyib əks-səda kimi itib gedəcək.
Səninlə nə sərvət gələcək, nə şöhrət, nə də insanların gözünü qamaşdırmaq üçün qurduğun görüntülər.
Səninlə yalnız özün gedəcəksən.
Və o zaman anlayacaqsan ki, insan ömrü boyu ev, sərvət və ad-san toplamırmış. Əslində insan hər gün öz əbədi cavabını hazırlayırmış. Çünki həyat bir günün deyil, bir vicdanın uzun kölgəsidir.
Unutma:Paltar bədəni örtər, xarakter taleyi.Pul cibə sığar, vicdan isə hər ürəyə sığmaz.Sərvət sahiblik deyil, sınaqdır.Şöhrət insanların verdiyi addır, ləyaqət isə Allahın ruha vurduğu möhür.
Bəzən insan min qapı açır, amma bir könül qazana bilmir. Bəzən də heç nəyi olmayan bir adam yüzlərlə qəlbin duasında əbədiyyət qazanır.
Çünki dünyanın yaddaşı zəifdir. Sənin nə geyindiyini unudar. Nə qazandığını unudar. Nə dediyini də unudar. Amma bir qəlbə necə toxunduğunu, yaxud onu necə qırdığını unutmaz.
Sonda insanın hesabı banklarda deyil, ürəklərdə bağlanır.
İnsan öldüyü gün torpağa verilər, amma əməlləri yaddaşlara əmanət qalar.
Və ən böyük faciə ölüm deyil...
Ən böyük faciə bir ömür yaşayıb, bircə qəlbdə belə iz qoymadan keçib getməkdir.Məzar daşının üzərində yazılan iki tarix ömrün başlanğıcı ilə sonunu göstərir. Aralarındakı balaca xətt isə insanın bütün həyatını.
Bir ömür... Sadəcə bir xətt...
Bütün ehtiraslar, bütün davalar, bütün sərvətlər, bütün şöhrətlər sonda o xəttin içində yox olur.
Amma bir yetimin duası, bir ananın sənin üçün qaldırdığı əl, bir qırıq qəlbin səndən gördüyü mərhəmət, bir çarəsizin qaranlığında yandırdığın işıq...
Bunlar zamanın belə silə bilmədiyi izlərdir.Çünki zaman hər şeyi qocaldır, amma yaxşılığı qocalda bilmir. Torpaq hər şeyi çürüdür, amma vicdanın işığını çürüdə bilmir.
Və insanın əsl boyu ayağından başına qədər ölçülmür.İnsanın əsl boyu bir qırıq qəlbin ahından Allahın rəhmətinə qədər uzanan məsafədir.
Kim bu məsafəni sevgi ilə doldura bilibsə, ucalıb. Kim bu yolu vicdanla keçə bilibsə, qalib olub.
Çünki dünyanın ən böyük həqiqəti budur:İnsan torpağa gömüləndə yox, unudulanda ölür.Unudulmayanlar isə məzarlarına daş qoyulanlar deyil, qəlblərdə özlərinə yurd quranlardır.
Və bir gün bütün səslər susacaq... Bütün qapılar bağlanacaq... Bütün üzlər torpağa dönəcək...
Amma insanın arxasınca bir cümlə qalacaq:"Bu dünyadan bir insan keçdi..."Sonra zaman da susacaq.
Və artıq zamanın deyil, vicdanın danışdığı məqam başlayacaq.
Çünki insanın son mənzili torpaq olsa da, son hökmü torpaq vermir.
İnsanın son hökmünü arxasında qoyduğu izlər, toxunduğu qəlblər və qazandığı dualar verir.
Əgər bir gün adın çəkiləndə qəlblər işıqlanırsa, sən ölməmisən. Əgər xatirən yada düşəndə bir insanın ruhu isinirsə, sən ölməmisən. Əgər yoxluğunda belə dualarda yaşayırsansa, xeyirlə xatırlanırsansa, sən ölməmisən.Çünki əsl ölüm nəfəsin dayanması deyil...Əsl ölüm, yaşadığın halda heç kimin qəlbində yaşamamağındır.
Mövsümağa Ədalətoğlu
44GUNSAVASH.az saytının Baş Redaktoru
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
yazıçı-publisist