Soyqırımı cinayətləri yalnız 31 mart tarixində deyil, təqvimin müxtəlif vaxtlarında, dünyanın fərqli məkanlarında anılmalıdır. Azərbaycan tarixinin həmin qaranlıq səhifələri bağlı QHT-media təmsilçisi olaraq gördüyümüz işlər haqqında qısa məlumat vermək istərdik.
Bu gün bir çoxları dəyər verməsə də, 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımların tədqiqatını biz 10 ilə yaxın müddətdə aparmışıq. Həmin araşdırmalar zamanı toplanmış məlumatlar əsasında, Milli Elmlər Akademiyasının rəyi ilə Azərbaycan və ingilis dillərində “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabı 2015-2016-cı illərdə çap olunub.
Nəhayət ki, çox çətinliklə də olsa, kitabın mövzusuna uyğun olaraq “1918-ci il hadisələri-UNUDULMAYAN TARİX” sənədli filminin çəkilişini həyata keçirdik. Filmdə müxtəlif arxiv sənədləri, tədqiqatçıların müsahibəsi ilə bərabər vaxtılə (2005-2010-cu ildə) müraciət etdiyimiz canlı şahidlərin fikirləri də təqdim olunub.
Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Nizami Abbas, rejissoru Mübariz Nağıyevdir.
Araşdırmalarımız nəticəsində xeyli sayda 108 il bundan əvvəl baş vermiş soyqırım haqqında canlı şahidlər danışıblar. 2005-2010-cu illərdə 100 yaşından yuxarı söhbət etdiyimiz, məlumat aldığımız həmin canlı şahidlərin hamısı dünyadan köçüb.
Çox təəssüf ki, gördüyümüz işlər zamanında lazımı şəkildə dəyərləndirilmədi. Allaha şükürlər olsun ki, yazdığımız kitablar, çəkdiyimiz sənədli film ortadadır, tarix üçün qalacaq. Zəhmətimiz hədər getməyib.
Dəyərli dostlar, “1918-ci il hadisələri-UNUDULMAYAN TARİX” sənədli filminə baxmağınızı tövsiyə edirik.
Əkrəm Bəydəmirli
VİDEO LİNKDƏ: https://fact-info.az/27378-1918-ci-il-hadiseleri-unudulmayan-tarix-senedli-filmine-baxmagi-tovsiye-edirik.html