Azərbaycan xalqının taleyində silinməz izlər buraxmış 1918-ci ilin Mart faciəsi – 30 martdan 3 aprelədək Bakı şəhərində və Quberniyanın müxtəlif bölgələrində törədilən qırğınlar milli yaddaşımızın ən ağır səhifəsinə çevrilmişdir. Bu günlərdə Bakı Soveti və daşnak silahlı dəstələri Azərbaycanlılara qarşı misli görünməmiş qəddarlıqla hücum etmiş, Şamaxı, Quba, Göyçay, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə minlərlə günahsız insan qətlə yetirilmişdir.
Bu faciə yalnız bir xalqın deyil, bütün bəşəriyyətin vicdanına yazılmış qara ləkədir. Azərbaycan Xalq Cümhuriyyəti həmin hadisələrə siyasi qiymət verməyə çalışsa da, ömrü qısa oldu. Lakin Müstəqil Azərbaycan Respublikası bu tarixi borcu öz üzərinə götürərək, 1998-ci il 26 martda Prezident Heydər Əliyevin imzaladığı Fərmanla 31 Martı “Azərbaycanlıların Soyqırımı Günü” elan etdi. Bu qərar tarixin hökmü idi – xalqın yaddaşını dirçəltmək, qurbanların ruhunu əzizləmək və gələcək nəsillərə ibrət dərsi verməkdir.
Azərbaycan xalqının yaddaşını qorumaq və dünya ictimaiyyətinə çatdırmaq məqsədilə görülən işlər bu gün də davam etdirilir. Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması qərara alındı. Ümumi sahəsi 3,5 hektar olan bu kompleks 2012–2013-cü illərdə Qudyalçayın sahilində inşa edildi və 18 sentyabr 2013-cü ildə açılışı oldu. Bu abidə yalnız daşdan hörülmüş bir tikili deyil – o, xalqın qanlı yaddaşının, qurbanların ruhunun və ədalət axtarışının simvoludur.
Mart soyqırımı insanlığın vicdanına yönəlmiş bir çağırışdır. Bu faciə bizə öyrədir ki, yaddaşını itirən millət gələcəyini də itirər. Quba memorialı, 31 Martın hər il anılması – bunlar yalnız tarix dərsi deyil, həm də milli varlığımızın fəlsəfi təməlidir.
Bu gün biz həmin qurbanların ruhu qarşısında baş əyirik. Onların qanı torpağa hopmuş, amma yaddaşımıza işıq saçmışdır. Tarixin bu qanlı səhifəsi bizə bir daha xatırladır: ədalət gecikə bilər, amma unudula bilməz.
Mövsümağa Ədalətoğlu
AJB-nin üzvü
yazıçı-publisist