İllər bir göz qırpımında keçdi.
Ya biz tez böyüdük, ya da illər bizi öz qanadında səssizcə yaşlılığa apardı — biz fərqinə varmadıq.
Ən gözəl, ən saf, ən duyğulu xatirələrim səninlə birgə getdi, əziz bibim.
Uşaqlığımın, gəncliyimin ən parlaq səhifələri səninlə yazılmışdı —
indi isə o səhifələr səninlə birgə bağlandı.
Səninlə olan xatirələrim də səninlə getdi.
Çünki o günlər yalnız sənin varlığınla gözəl idi.
O gülüşlər, o baxışlar, o şirin zarafatlar —
yalnız sənin yanında bu qədər canlı, bu qədər mənalı olurdu.
İndi isə o anlar sanki dilsiz qalıb,
səni gözləyir, səni axtarır, səni xatırlayır...
Sən sağ olanda, bəlkə də bu xatirələrin dəyərini tam anlamırdım.
Çünki hər görüşümüzdə onları yenidən yaşamaq,
birlikdə gülmək, danışmaq, xatırlamaq mümkün idi.
Amma sən cənnətə köçəndən sonra,
ürəyimdə bir sızıltı, gözlərimdə bir nisgil yarandı.
Səhərə qədər gözlərimi yuma bilmədim
çünki sənin gülüşün, baxışların, səsin gözlərimin önündə canlanırdı,
qulaqlarımda səslərin əks-sədası dolaşırdı.
Həyatın necə də etibarsız, necə də fanı olduğunu
sən bu dünyadan köçəndə bir daha dərk etdim.
İnsan arzuları, ümidləri ilə bir anın içində baş-başa qala bilərmiş...
Artıq o gözəl günləri danışacaq, o xatirələri bölüşəcək son nəfəri də
soyuq torpağa tapşırdım.
Bizi tərk etsən də, əziz bibim,
əminəm ki, sevdiklərinə qovuşdun.
Rahat uyu yeni evində.
Sən mənim üçün həmişə əziz qalacaqsan.
Məkanın cənnət olsun...
Mövsümağa Ədalətoğlu
Yazıçı, publisist