Bu dünyanın vaxtına
Qurulmaq istəməzdim.
Ömür sayılı günsə
Yorulmaq istəməzdim.
Mən hər şeyə gecikən,
Ağzımda küsər tikəm..
Hələ tumurcuq ikən,
Qırılmaq istəməzdim.
Taleyin əmri ilə,
Ayrılıq ətri ilə,
Hər qəmin xəmri ilə
Yoğrulmaq istəməzdim.
Ələndikcə ələndim,
Qələmdili dilləndim,
Gölləndikcə lilləndim,
Durulmaq istəməzdim?!
Sevgi şeiridir yaxam,
Şeirlərdə mən yoxam,
Demə kamansan, oxam,-
Vurulmaq istəməzdim.
Salma məni oyuna,
Həsrət ölçü boyuma,
Dost deyilsən, boynuna
Sarılmaq istəməzdim.
Adilə Nəzər