Gəldim, gecəmə ol həmdəm,
Atəşəm, ocağam, közəm,
Yanğıma şifadır zəmzəm, -
Su...— deyib səslərəm Səni!
Ey mehriban, ey qayğıkeş,
İslam haqq yoldur - şərti beş...
Sevgi yolunun sonu Eşq!
Bu... — deyib səslərəm Səni!
Yırt sinəmi, soy dərimi,
Duy, səndən qalan ətrimi...
Gəldim qapına, dərdimi
Yu... — deyib səslərəm Səni!
Ay da çarşaf geyib göydə...
Dalğalanır damla göldə...
Qulaq tutulan bu çöldə,
Qu...— deyib səslərəm Səni!
Səcdə mənim, namaz mənim,
Qunut mənim, pərvaz mənim -
Qələm qeyri yazmaz mənim —
Hu... — deyib səslərəm Səni!
Adilə Nəzər
05.11.2026