Daşkənddə sentyabrın 30-da Transxəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz və ya TBNM) üzrə II Milli konfrans keçiriləcək.
Konfransın həmsədrləri Özbəkistanın Nəqliyyat Nazirliyi və Avropa Komissiyasının Beynəlxalq Tərəfdaşlıqlar üzrə Baş Direktorluğu olacaq.
Tədbirdə dövlət orqanlarının, beynəlxalq maliyyə institutlarının, inkişaf üzrə tərəfdaşların və özəl sektorun nümayəndələri iştirak edəcəklər. Əsas diqqət nəqliyyat əlaqələri sahəsindəki ümumi prioritetlərin konkret investisiya layihələrinə və islahatlara çevrilməsinə yönəldiləcək.
Konfrans zamanı Özbəkistanın Transxəzər marşrutunda rolunun gücləndirilməsi üzrə prioritetlərinin müzakirə olunması planlaşdırılır.
Əsas istiqamətlər sırasına dəmir yolu və avtomobil infrastrukturuna investisiyalar, səmərəli logistika şəbəkəsinin yaradılması, nəqliyyat və ticarət sənədlərinin rəqəmsallaşdırılması, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və özəl biznesin iştirakının genişləndirilməsi daxildir.
Konfrans Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən TBNM Koordinasiya Platforması və "Global Gateway" strategiyası çərçivəsində keçirilir. Platforma investisiyaların və islahatların əlaqələndirilməsi üçün Mərkəzi Asiyanın beş ölkəsini, Aİ-ni, beynəlxalq maliyyə institutlarını və digər tərəfdaşları birləşdirir.
Konfransın nəticələrinin TBNM-in səmərəliliyinin və rəqabətqabiliyyətinin artırılmasına, eləcə də Özbəkistanın regional nəqliyyat sistemində rolunun gücləndirilməsinə yönəlmiş prioritet investisiya layihələri və tədbirlər üzrə gələcək birgə işlərdə nəzərə alınması planlaşdırılır.