Ölkə iqtisadiyyatında elə sahələr var ki, onların çəkisi gündəlik həyatda o qədər də nəzərə çarpmır. Neft, qaz, nəqliyyat, tikinti barədə çox danışılır, amma dağ-mədən sənayesi sözügedən sənaye xəritəsini kökündən dəyişə biləcək istiqamətlərdən biridir. Sentyabrın 22-də Prezident İlham Əliyevin başçılığı ilə keçirilən müşavirədə 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı təqdim olundu və bu sənəd məhz bu baxımdan maraq doğurur. Proqramın mahiyyəti təkcə yeni yataqların işə salınması deyil əsas hədəf mineral ehtiyatları daha yüksək əlavə dəyərə çevirməkdir.
Burada söhbət filizin torpaqdan çıxarılması ilə bitmir, əsl iqtisadi fayda elə bundan sonra başlayır. Filiz hasil olunur, emal edilir, metala çevrilir, sonra həmin metal sənayenin müxtəlif sahələrində məhsul istehsalına gedir. Bu zəncir nə qədər ölkə daxilində qurulursa, yaranan əlavə dəyər də bir o qədər böyüyür. Yeni proqramın əsasında duran yanaşmalardan biri məhz budur.
Rəqəmlər hədəfin miqyasını aydın göstərir: 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsi 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialı isə 1,3 milyard manatdan 3,4 milyard manata qaldırılacaq. 2027–2030-cu illər ərzində sektora cəmi 5,3 milyard manat investisiya yönəldilməsi planlaşdırılır.
Bu vəsaitin haradan formalaşacağı da diqqətdən kənarda qalmır. Proqramın təqdimatında bildirilib ki, 5,3 milyard manatlıq investisiyanın 1,1 milyard manatı dövlət büdcəsindən, 2,2 milyard manatı dövlət müəssisələrinin vəsaitindən, 2 milyard manatı isə özəl kapitaldan formalaşacaq. Yəni layihələrin icrasında təkcə dövlət deyil, həm dövlət müəssisələri, həm də özəl sektor iştirak edəcək.
Bu yanaşma Azərbaycanın iqtisadi şaxələndirmə kursu baxımından da önəm daşıyır, çünki söhbət təkcə yeni istehsal müəssisələrinin qurulmasından getmir. Dağ-mədən sənayesinin ətrafında logistika, enerji, nəqliyyat, xidmət, avadanlıq və mühəndislik kimi sahələrdə də tələbat yaranacaq. Başqa sözlə, bir mədən layihəsi təkcə mədən demək deyil onun ətrafında bütöv bir iqtisadi ekosistem formalaşa bilər.
Proqramda yer alan layihələr arasında "Filizçay", "Daşkəsən", "Ortakənd" və "Söyüdlü" yataqları xüsusilə seçilir. "Filizçay"da mis, sink və qurğuşunun tam həcmdə emalı, "Söyüdlü"də qızılın flotasiya üsulu ilə emalı, "Daşkəsən"də isə ildə 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalı gücünün yaradılması nəzərdə tutulur. Bu layihələr həyata keçərsə, ölkənin metallurgiya və metal emalı zəncirinin genişlənməsinə yeni imkanlar açılacaq.
Maraqlısı budur ki, proqramın hədəfləri təkcə 2030-cu illə məhdudlaşmır. Sənəd çərçivəsində "Filizçay" polimetal yatağında mis, sink və qurğuşun ehtiyatlarının iqtisadi dövriyyəyə qatılması imkanları qiymətləndiriləcək, "Dəmirli" yatağındakı əlavə mis ehtiyatlarının istifadəsi araşdırılacaq, "Zəylik" alunit yataqlarının isə alüminium sənayesi üçün xammal bazasına çevrilməsi imkanları öyrəniləcək. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyat işlərinin genişləndirilməsi planlaşdırılır.
Bu məqam ayrıca vurğulanmalıdır, çünki işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialı yalnız kənd təsərrüfatı, turizm və infrastrukturla məhdudlaşmır. Yeraltı sərvətlərin araşdırılması və iqtisadi dövriyyəyə qatılması həmin ərazilərin uzunmüddətli sənaye inkişafının da tərkib hissəsinə çevrilə bilər. 2026-cı ilin aprelində imzalanmış sərəncamda da dağ-mədən və metallurgiya sənayesinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi, ixrac strukturunun genişləndirilməsi və regionların sosial-iqtisadi inkişafı baxımından strateji istiqamət kimi müəyyən edilmişdi.
Prezident İlham Əliyev müşavirədə dağ-mədən və metallurgiya sənayesini ölkə iqtisadiyyatı üçün perspektivli sahə kimi dəyərləndirib. Proqramın təqdimatından bir gün sonra, sentyabrın 23-də isə sənəd artıq Prezidentin Sərəncamı ilə təsdiqlənib. Onun icrasının əlaqələndirilməsi və monitorinqi üçün konkret mexanizmlər də müəyyənləşdirilib.
Əslində qarşıdakı dörd ilin əsas sualı da elə buradan başlayır: milyardlarla manatlıq investisiya, yeni mədənlər, emal müəssisələri və istehsal gücləri nə dərəcədə səmərəli şəkildə vahid sənaye zəncirinə çevriləcək? Cavab təkcə hasilatın artımında deyil, yaradılan əlavə dəyərdə, ixracın strukturunda, yeni sənaye imkanlarında və insan kapitalının inkişafında görünəcək.
Azərbaycanın təbii sərvətləri məhdud resurs deyil, düzgün idarə olunduqda uzunmüddətli iqtisadi imkan mənbəyinə çevrilə bilər. Amma resursun özü qədər onun necə emal edilməsi də əhəmiyyətlidir. Yeni Dövlət Proqramının fərqi də məhz burada görünür: məsələ sadəcə yerin altındakı sərvəti çıxarmaq deyil, onu ölkənin sənaye gücünə çevirməkdir.
Növbəti mərhələdə Azərbaycanın metallurgiya xəritəsinin necə dəyişəcəyini bu dəyər zəncirinin nə qədər dərinləşəcəyi müəyyən edəcək. Filizdən metala, metaldan məhsula uzanan yol nə qədər ölkə daxilində qurulursa, dağ-mədən sənayesinin iqtisadi çəkisi də bir o qədər artacaq.
Azər ALLAHVERƏNOV,
Milli Məclisin deputatı