Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda təşkil etdiyi təlim proqramı çərçivəsində məruzə ilə çıxış edib.
Qazaxıstan Respublikasında fəaliyyət göstərən dövlət qulluqçuları qarşısında “Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin formalaşması və inkişaf mərhələləri: müasir meyllər və perspektivlər” mövzusunda çıxış edən Azər Allahverənov ölkəmizdə vətəndaş cəmiyyəti institularının inkişaf tarixinə nəzər salıb, ayrı-ayrı dövrə xas xüsusiyyətlərinə diqqət yetirib.
Bildirilib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması ölkənin müstəqillik əldə etməsi ilə paralel şəkildə inkişaf etmiş mürəkkəb və çoxşaxəli bir prosesdir. Məhz müstəqillik qazanıldıqdan sonra vaxtilə müəyyən mənada qeyri-rəsmi təsisatlar və təşəbbüs qrupları formatında büruzə verən təşəbbüslər sonrakı mərhələdə institusional formaya keçərək qeyri-hökumət təşkilatları sektorunun və daha geniş mənada vətəndaş cəmiyyətinin formalaşmasına gətirib çıxardı.
Qeyd olunub ki, bir neçə inkişaf mərhələsindən keçən və bu gün regional müstəvidə gedən ictimai proseslərin önündə gedən Azərbaycan qeyri-hökumət təşkilatları beynəlxalq platformalarda fəal surətdə təmsil olunmaqla yanaşı, həm də uğurlu şəkildə Qlobal Cənub Platformasının, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının yaradılması təşəbbüsü ilə çıxış etmişlər.
Yuxarıda qeyd olunan platformalar çərçivəsində Azərbaycan və Qazaxıstan QHT-lərinin əməkdaşlığına diqqət yetirən Azər Allahverənov bu sahədə böyük potensialın olduğunu bildirib və müxtəlif istiqamətlərdə mövcud əlaqələrin inkişaf perspektivlərinə xüsusi diqqət yetirib.