11 oktyabr 1981-ci ildə Xaçmaz rayonunun Qaracəlli kəndində anadan olub.
1987-1994-cü illərdə Xaçmaz rayonu, Çingiz Abdullayev adına 2 saylı tam orta məktəbində təhsil alıb.
1994-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Quba filialında oxuyub.
1995-1998-ci illərdə Cəmşid Naxçivanski adına Hərbi Məktəbdə təhsil alıb.
1998-2003-cü illərdə Bakı Ali Hərbi Məktəbində artilleriya ixtisası üzrə oxuyub və leytenant rütbəsi alaraq Agcabədi rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə taqım və batareya komandiri vəzifəsində xidmət edib. 2008-2011-ci illərdə Cəlilabad, 2011-2013-cü illərdə Beyləqan, 2013-2019-cu illərdə Daşkəsən rayonlarındakı “N” saylı hərbi hissələrdə tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edib.
2019-cu ildə qüsursuz xidmətlə ordu sıralarından ehtiyata buraxılıb.
O, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi 25 ildə leytenant (2003-cü il), baş leytenant (2006-cı il), kapitan (2010-cu il), mayor (2015-ci il) hərbi rütbələri ilə mükafatlandırılıb. Peşəkar kəşfiyyatçı, Vətəninə qüsursuz və nümunəvi xidmət edən intizamlı hərbçi kimi xidmət etdiyi 25 ildə hamıya görk olası bir həyat və döyüş yolu keçib.
21 sentyabr 2020-ci ildə SHXÇDX-nin Xaçmaz rayon şöbəsindən səfərbərliklə Qusardakı “N” saylı quru qoşunları hərbi hissəsində təlimlərə qatılıb.
2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyalardan (iki həftə sonra düşmən tərəf dinc yaşayış məntəqələrimizə ballistik raketlərdən atəş açmağa başlayıb) istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasına qarşı növbəti hərbi təxribatını və Siahlı Qüvvələrimizin əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq o da Qusardakı “N” saylı hərbi hissənin heyəti ilə birlikdə döyüş bölgəsinə ezam olunub. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonlarının və kəndlərinin düşmən tapdağından azad edilməsində silahdaşları ilə birgə böyük qəhrəmanlıq nümunəsi göstəriblər.

Paşanın döyüş xatirələri: “27 sentyabr 2020-ci ildə Vətən müharibəsində iştirak etməyimlə özümü çox şanslı hiss etdim. Bu zəfərdə mənim də payımın olması çox qürurvericidir. Çünki peşəkar zabit olaraq mənim ən böyük arzularımdan biri də o idi ki, üçrəngli Azərbaycan bayrağını işğal altında olan torpaqlarımızda dalğalanan görüm. Döyüşlərimiz çox ağır keçdi, tabor üzrə 17 şəhid verdik. Ən birinci şəhidimiz Füzuli istiqamətində gedən döyüşlərdə oldu. Əsgərimiz düşmən tərəfindən açılan snayper atəşi ilə şəhid oldu. Sonuncu şəhidimiz Qobustan rayonundan olan əsgər Mayılov Murad Gülümxan oğlu 9 noyabrda, Qırmızıbazar ərazisində gedən döyüşlərdə düşmənin açdığı güllə ilə ağır yaralandı. Onu döyüş meydanından təhlükəsiz zonaya təxliyə etmək ərazi cəhətdən çox çətin idi. Səhər onu biz təxliyə etdik və öz mövqeyimizə çatdırdıq. Onu maşına mindirib təxliyə edən zaman qəhrəmancasına şəhid oldu. Növbəti hücuma hazırlaşırdıq. Əsgərlərimiz bizə düşmənin artıq ağ bayraq qaldırıb təslim olduğunu bildirdilər. Biz şəhid olan əsgərimizə qələbə xəbərini çatdıra bilmədik. Biz həmin döyüşlərdə əsgərlərimizin necə yüksək əhval-ruhiyyədə, əzmkar, iradəli, qorxmaz və cəsur ruhda yetişdiklərinin bir daha şahidi olduq. Onlar nə susadılar, nə acdılar, nə yuxusuz qaldıqlarını hiss etdilər, nə yoruldular. Onların yalnız bir məqsədi və arzusu var idi. Düşmən tapdağı altında olan Azərbaycan torpaqlarında şanlı bayrağımızı dalğalandırmaq. Onların gözlərində düşmənə nifrət, qəlblərində Vətənə məhəbbət vardı. Və biz qələbəni təmin etdik. Biz bütün dünyaya Azərbaycan Respublikasının Ordusunun gücünü göstərdik və heç bir dünya hərb təcrübəsində tətbiq olunmayan, ağla gəlməyən taktikanı məhz düşmən üzərində tətbiq etdik. Bu, tək Azərbaycan Ordusunun qələbəsi olmadı. Azərbaycan xalqı və Azərbaycan Ordusu Ali Baş Komandanın ətrafında sıx birləşərək Azərbaycanın zəfərini təmin etdi. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Zəfərlərimiz bol olsun! Qalibiyyətimiz əbədi olsun! Yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”
30 dekabr 2020-ci ildə ordu sıralarından tərxis olunub.
25 illik qüsursuz hərbi xidmət illəri 12 medalla qiymətləndirilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin sərəncamına əsasən döyüşlərdə göstərdiyi şücaətlərə görə “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı “Vətən müharibəsi iştirakçısı”, Azərbaycan Respublikasının Müdafiə Nazirinin müvafiq əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Döyüşdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları ilə mükafatlandırılıb.
Hal-hazırda Xaçmaz rayonu, Niyazabad kənd tam orta məktəbində Hərbi hazırlıq müəllimi vəzifəsində çalışır.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranıdır.
Evlidir, övladları Jalə 13, Aysu 10, Əsma 9, Mövlud 2 yaşlarındadır.
Respublikanın Əməkdar jurnalisti, müharibə veteranı Əntiqə Qonağın "44 günlük savaşın 444 cəngavəri" adlı üçcildliyindən