14 avqust 1982-ci ildə Xaçmaz şəhərində ziyalı ailəsində anadan olub.
1988-1999-cu illərdə Xaçmaz şəhəri, 45 saylı (indiki Abamüslüm Səlimov adına 7 saylı) tam orta məktəbində on bir illik təhsil alıb.
1999-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə sərhəd qoşunları ixtisası üzrə daxil olub və 2003-cü ildə Sərhəd ixtisası üzrə leytenant hərbi rütbəsi alaraq, ali təhsilini başa çatdırıb. 2003-cü ildən etibarən Dövlət Sərhəd Xidmətinin müxtəlif təyinatlı hərbi hissələrində müvafiq vəzifələrdə xidmət edib.
24 ildən çox Dövlət Sərhəd Xidmətində qüsursuz və nümunəvi xidmət edən, vətənin müdafiəsini şərəf və vicdan işi bilən peşəkar və qətiyyətli hərbçi Aqşin Məhərrəmov bu illər ərzində leytenant rütbəsindən general-mayor rütbəsinədək yüksəlib.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 17 avqust 2020-ci il tarixli Sərəncamı ilə Aqşin Ramiz oğlu Məhərrəmova “general-mayor” ali hərbi rütbəsi verilib. Vətənpərvər hərbçi, vətən sevdalı A.Məhərrəmov bu yüksək rütbəyə 38 yaşında layiq görülüb.
2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyalardan (iki həftə sonra düşmən dinc yaşayış məntəqələrimizə ballistik raketlərdən atəş açmağa başlayıb) istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasına qarşı növbəti hərbi təxribatını və Silahlı Qüvvələrin əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq, o da rəhbərlik etdiyi heyət ilə birlikdə döyüş bölgəsinə ezam olunub. Sərhəd Qoşunlarının Qərargah rəisi general-mayor Aqşin Məhərrəmov Vətən müharibəsi zamanı hərbi əməliyyatların rəhbərlərindən olub. Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan zaman igidlik və mərdlik nümunəsi göstərib. Onların sırasında 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla Xudafərin körpüsü, Zəngilan şəhəri və Zəngilanın Ağbənd qəsəbəsi, həmçinin Ermənistanla sərhəddə “Bartaz” və “Şükürataz” yüksəklikləri işğaldan azad edilib. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları müharibə ərzində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi və Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda iştirak ediblər. Müharibə zamanı Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
General-mayor Aqşin Məhərrəmov Dövlət Sərhədinin Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsində olduğu zaman 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində dövlət sərhədindən buraxılış məntəqəsinin (Laçın sərhəd buraxılış məntəqəsi) qurulması tapşırığının icrası zamanı fərqlənib.
General-mayor Aqşin Məhərrəmov çıxışlarının birində söyləmişdir: “Bir hərbçi kimi hər zaman müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısını öz üzərimizdə hiss etmişik. Bunun üçün sərhədlərimizin mühafizəsi və müdafiəsi, onun toxunulmazlığı üçün canımı və qanımı döyüş meydanında səfərbər etmək bir sərhədçi kimi mənim üçün ən şərəfli vəzifə olmuşdur.
Vətən Müharibəsi başlanan gündən bütün əməliyyatlar zamanı Ali Baş Komandanımızın uzaqgörən siyasi görüşlərinə və qətiyyətinə arxalanıb addımlamışıq. Silahlı Qüvvələrimiz düşmənə qarşı görünməmiş cəsarət nümunəsi göstərmişdir. Cənab Ali Baş Komandanın əmri ilə aparılan taktiki gedişlər və strateji planlama ilə ordumuz dünya hərb tarixində ilklərə imza atmışdır. Bu tarixi gedişlərdə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının və kəndlərinin, eləcə də, Bartaz, Şükürataz kimi strateji yüksəkliklərin azad olunmasında iştirak etməyim DSX hərbi qulluqçusu kimi məni hər zaman qürurlandırır.
“AN-2” təyyarələrinin taktikası, qəhrəman çevikçilərin Arazboyu ildırım sürətli əks-hücum əməliyyatları, düşmənin qorxulu yuxusuna çevrilmiş “zərbəendirici pilotsuz uçuş aparatları”, hər an ordumuzu vacib kəşfiyyat məlumatları ilə təmin edən “kəşfiyyat pilotsuz uçuş aparatları”nın peşəkar tətbiqi nəticəsində qeyd olunan nailiyyətlərin qazanılması sərhədçilər tərəfindən yüksək peşəkarlıqla icra edilmişdir. Bu tapşırıqların öhdəsindən gəldiyimiz üçün mən qürurlu və sevincliyəm. Mən də hər bir hərbi qulluqçu kimi Müzəffər Ali Baş Komandanın tabeliyində döyüşməkdən, Azərbaycanın şərəfli tarixi qələbəsinin qazanılmasında iştirak etməkdən fəxr və qürur duyuram.
Şəhidsiz Zəfər olmaz. Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş silahdaşlarımıza Allahdan rəhmət, qazilərə isə şəfa diləyirəm.”
24 illik qüsursuz hərbi xidmət illəri 6 orden, 15 medalla, ümumilikdə 21 orden və medalla qiymətləndirilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komanda-nı, Prezident İlham Əliyevin sərəncamına əsasən Vətənin müdafiəsi zamanı döyüşlərdə göstərdiyi fədakarlıq və şücaətlərə görə “Azərbaycan bayrağı” ordeni (2012), 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni (2016), 3-cü dərəcəli “Rəşadət” ordeni (2019), “Zəfər” ordeni (2020), 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni (2023), 2-ci dərəcəli “Rəşadət” ordeni (2023), “İgidliyə görə” (2010), “Vətən uğrunda” (2011), “Cəbrayılın azad olunmasına görə” (2020), “Zəngilanın azad olunmasına görə” (2020), “Qubadlının azad olunmasına gö-rə” (2021), Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı “Vətən müharibəsi iştirakçısı” (2022), Dövlət Sərhəd Xidmətinin rəisinin müvafiq əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli (2021), “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli (2015), “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli (2011), “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli (2018), “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli (2015), “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli (2011), “Şücaətə görə” (2017), “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” (2018), “Sərhəddə fərqlənməyə görə” (2021) medalları ilə mükafatlandırılıb.
Bunlardan başqa Dövlət Sərhəd Xidmətinin rəisi və komandanlıq tərəfindən onlarla Fəxri Fərmanla təltif olunub.
Vətən müharibəsi veteranıdır.
Ailəlidir, 2 oğlu var.
PS: Əsl həqiqəti desəm, mən cənab generaldan kitab üçün müsahibəni çox çətinliklə aldım. İnternetdən, Vikipediya məlumatlarından onun döyüş yolu haqqında müəyyən bilgiləri öyrənmişdim. 24 illik şərəfli və nümunəvi hərbi xidmətində nələrə nail olmamışdı, hansı vəzifələrə irəli çəkilməmişdi, leytenantdan general-mayor rütbəsinədək yüksəlmişdi, Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 6 orden, 15 medal, ümumilikdə 21 orden və medalla təltif olunmuşdu. Bunlar sıradan bir insana verilə bilməzdi. Aqşin Məhərrəmovun hərbi səriştəsi, peşəkarlığı, komandanlıq bacarığı, hərbi biliklərə yüksək səviyyədə yiyələnməsi və nəzəri bilik və bacarığını hərb sahəsində, döyüş meydanında sınaqdan keçirməsi, tətbiq etməsi, 38 yaşında general-mayor rütbəsinə layiq görülməsi və Qərargah rəisi kimi məsul bir vəzifə daşıması. Bütün bunlar onun daxilindəki bitib-tükənməyən Vətən sevgisindən, vətənpərvərliyindən, Anamız Vətən üçün, torpaq üçün canından belə keçməyə hazır olmasından, düşmənlərdən şəhid silahdaşlarının intiqamını almaq arzusundan irəli gəlirdi. Bütün bunlara rəğmən bu bizim borcumuzdu, hərbi borcumuz, vicdan borcumuz, oğulluq borcumuzdur - deyirdi. Halbuki, bəzən döyüş meydanında şücaət göstərməyən, sıradan biriləri özlərini reklam etmək üçün nələrə əl atmırlar. Amma bizim mövzumuz bu deyil. Mövzu müasirimiz olan qəhrəmanların bir nümayəndəsi, canlı əfsanə, hərb peşəsini ürəkdən sevən, onun bütün incəliklərini yorulmaq bilmədən öyrənən, savaş meydanında tətbiq edən və bu döyüşdən Zəfərlə çıxan 41 yaşlı general-mayor Aqşin Ramiz oğlu Məhərrəmovdur.
Sizinlə fəxr edirik, qürur duyuruq cənab general!
Vuran əliniz, vur deyən diliniz var olsun!
Siz xalqımızın baş tacı hesab etdikləri, qəlblərində məskən salmış əfsanəvi qəhrəmanlarsız!
Siz Vətənimizə şərəfinizlə şərəf qatmış cəngavərlərsiz!
Siz analarımızın dualarında, gənclərimizin qəlblərindəsiz!
Sizinlə daha güvənliyik, daha rahatıq!
Bizə baş ucalığı, üzağlığı bəxş edən cəngavərlər!
Bizə Zəfərin nə qədər şirin, sevincli, vacib və vazkeçilməz olduğunu hiss etdirən qəhrəmanlar!
Şəhidlərimizin qisasını alaraq düşməni ağlar qoyan aslanlar!
Çətinliklər bahasına, ağır coğrafi şəraitdə düşmənə qalib gələrək diz çökdürən əfsanəvi qəhrəmanlar!
Azərbaycanın igid oğulları var olun, vuran əliniz yorulmasın!
Yazdığınız şərəfli ən yeni tarix gələcək nəsillər üçün həyat məktəbi olacaq!
Dünya durduqca, həyat davam etdikcə siz də qəlblərdə məskən salaraq, şərəfli döyüş yolunuzla qərinələrə, əsrlərə meydan oxuyacaqsınız!
Respublikanın Əməkdar jurnalisti, müharibə veteranı Əntiqə Qonağın "44 günlük savaşın 444 cəngavəri" adlı üçcildliyindən