Bəzən insan həyatın içində elə itib-batır ki, yaşadığını sanır, halbuki sadəcə ömrünü xərcləyir. Günlər bir-birinin ardınca keçir, illər də onların ardınca səssizcə yox olur. İnsan isə zamanın amansız addımlarını eşitmir. Arzular qurur, planlar cızır, gələcək haqqında düşünür, sabahı bugündən daha çox sevir. Halbuki həyat sabahdan deyil, bu gündən ibarətdir. Nə üçün çəkirsən qüssə, kədər, qəm? Nə üçün ruhunu yaşanılmamış günlərin, baş verməmiş hadisələrin və bəlkə də heç vaxt gerçəkləşməyəcək qorxuların əsirinə çevirirsən? Axı sən bu dünyaya əbədi qalmaq üçün gəlməmisən. Sənin də yolun bütün yolçular kimi eyni ünvana gedir. Tale yolları fərqli ola bilər, amma mənzil hamı üçün birdir.
İnsan qəribə varlıqdır. On bir il oxuyur iki saatlıq imtahan üçün, illərlə çalışır bir anlıq uğur üçün, ömrünün ən gözəl çağlarını gələcək naminə qurban verir. Bir ev tikmək üçün gəncliyini, bir ad qazanmaq üçün rahatlığını itirir. Sonra da dönüb geriyə baxanda anlayır ki, axtardığı xoşbəxtlik çox vaxt malik olduğu sadə anların içində gizlənirmiş. Həyat böyük bir hesab kitabına bənzəyir. Hər kəs öz səhifəsini özü yazır. Kimi sevgi yazır, kimi kin, kimi mərhəmət, kimi inciklik. Lakin zaman son nöqtəni qoyanda bütün hesablar bağlanır. Nə topladığın pul qalır, nə qazandığın şöhrət, nə də uğrunda savaşdığın dünyanın ötəri cazibəsi. Həyatın son hesabatında yalnız insanlığın görünür.
Bir gün insan ömrünü ölçmək istəyir. Uşaqlığını xatırlayır, gəncliyini yada salır, keçib gedən günləri saymağa çalışır. Həyatı ölçür, biçir, vurur, çıxır. Ancaq talenin çıxardığı nəticə bütün hesablamaları mənasızlaşdırır. Çünki ömrün son ölçüsü nə illərlə, nə aylarla, nə də günlərlə hesablanır. Sonda insanın payına cəmi iki metr ağ kəfən düşür. Bu həqiqət nə qədər sadədirsə, bir o qədər də sarsıdıcıdır. Bir ömür boyu geyim seçən insanın son libası seçimsiz olur. Bir ömür boyu ev tikən insanın son ünvanı torpaq olur. Bir ömür boyu özünü böyük hesab edən insan bir ovuc torpağın qoynunda hamı ilə bərabərləşir. Ölüm həyatın ən dəyişməz qanunudur.
Əslində ölüm uzaqda deyil. O, hər gün bizimlə birgə yaşayır. Təqvimdən qopan hər yarpaq ömrümüzdən qopan bir parçadır. Saatın əqrəbləri yalnız zamanı göstərmir, həm də geri qayıtmayacaq anları aparır. Hər doğulan səhər ömrə əlavə olunan gün deyil, ömürdən azalan bir gündür. İnsan isə bunu çox vaxt hiss etmir. Elə bilir zaman sonsuzdur. Halbuki insanın sahib olduğu ən məhdud sərvət vaxtdır. İnsan illərlə sabah üçün yaşayır, amma həyat bu günün içində əriyib gedir. Bir fincan çayın ətrafında bölüşülən söhbət, ananın səsi, dostun təbəssümü, övladın baxışı bəzən dünyanın bütün sərvətindən dəyərlidir. Lakin insan bunu əksər hallarda yalnız itirəndən sonra anlayır. Dünya minlərlə hökmdar, fateh və sərvət sahibi görüb. Vaxtilə dillər əzbəri olan adların çoxu indi tarix kitablarının tozlu səhifələrində itib. Amma bir qəlbə toxunan insanın izi silinmir. Çünki insan daşdan tikdiyi saraylarla deyil, könüllərdə ucaltdığı sevgi ilə yaşayır. Ömür bir göz qırpımından da sürətlə keçir. Bu gün əlində olan sabah xatirəyə çevriləcək. Bu gün yanında olan insanlar sabah şəkillərdə qalacaqlar. Bu gün dediyin sözlər sabah sükuta qarışacaq. Odur ki, həyatın qədrini onu yaşadığın anda bilməlisən.
Bir gün son dəfə bir qapını açacaqsan və bunun son dəfə olduğunu bilməyəcəksən. Bir gün sevdiyin insanın üzünə son dəfə baxacaqsan və bundan xəbərsiz qalacaqsan. Bir gün hansısa səs, hansısa gülüş, hansısa görüş həyatından birdəfəlik keçib gedəcək. Həyat vidaları əvvəlcədən elan etmir. Son görüşlərin tarixini yazmır. Sadəcə keçir... Sonra elə bir gün gələcək ki, bu dünyanın bütün səsləri sənin üçün susacaq. Günəş yenə doğacaq, küləklər yenə əsəcək, insanlar yenə tələsəcəklər, amma sən olmayacaqsan. Səni son mənzilə nə şöhrət müşayiət edəcək, nə sərvət, nə də dünyanın alqışları. Səninlə yalnız etdiyin yaxşılıqlar, qazandığın dualar və toxunduğun qəlblərin işığı gedəcək. Həyatı ölçüb-biçdim, illəri saydım, arzuları topladım, ümidləri vurdum, xatirələri çıxdım və ömrün uzun yolunun sonunda qarşıma çıxan ən böyük həqiqət bu oldu: insan dünyaya hər gün gəlmir, həyatın təkrarı yoxdur, bu ömür tək nüsxədir. Bir gün adın bir xatirəyə çevriləcək, şəklin divarda qalacaq, səsin yaddaşlarda yaşayacaq. Bütün ömrün boyu topladıqlarından geriyə yalnız bir ad qalacaq. Həmin ad ya sevgi ilə anılacaq, ya da unudulub gedəcək. Buna görə də yaşa. Elə yaşa ki, yoxluğun həsrətə çevrilsin. Elə sev ki, gedişindən sonra da qəlblərdə iz qoysun. Elə yaxşılıq et ki, adın çəkiləndə insanların gözləri dolsun, dodaqlarından dua süzülsün. Çünki son mənzildə hər şey bitir, amma insanın sevgisi bitmir. O, xatirələrdə yaşayır, dualarda yaşayır, qəlblərdə yaşayır. Bəlkə də ömrün bütün hikməti bundan ibarətdir: insanın dünyada qoyub getdiyi ən böyük miras nə var-dövlətdir, nə şöhrət, nə də hakimiyyət. Dünyada qalıcı olan tək şey insanın insanlığıdır. Çünki sən bir daha dünyaya gəlməyəcəksən...
Mövsümağa Ədalətoğlu
AJB-nin üzvü
yazıçı-publisist