Ağdam Şəhəri Günü Azərbaycanın tarixi yaddaşında milli iradənin, əzmkarlığın və doğma torpaqlara qayıdışın təcəssümü kimi xüsusi yer tutur. Bu gün yalnız şəhərin işğaldan azad olunmasını deyil, uzun illər yurd həsrəti ilə yaşayan insanların qayıdış arzusunun gerçəkləşməsini ifadə edir.
Ağdam 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və 27 il ərzində ağır dağıntılara məruz qalmışdır. Vaxtilə Qarabağın ən böyük və inkişaf etmiş şəhərlərindən biri olan Ağdam yaşayış evlərinin, inzibati binaların, mədəniyyət və dini abidələrin dağıdılması nəticəsində xarabalığa çevrilmiş, erməni vandalizminin bariz nümunələrindən biri kimi yadda qalmışdır.
2020-ci il noyabrın 20-də üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonunun işğal altında olan əraziləri Azərbaycana qaytarıldı. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 20 noyabr Ağdam Şəhəri Günü elan edildi. Bu qərar şəhərin azad olunması ilə bağlı tarixi hadisənin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Hazırda Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Baş plana uyğun olaraq müasir infrastruktur yaradılır, yaşayış binaları, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri inşa olunur. Nəqliyyat və enerji infrastrukturu, istehsal və xidmət sahələrinin inkişafı şəhərin gələcəkdə regionun mühüm iqtisadi mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradır. Tarixi-mədəni irsin qorunması və Ağdam Cümə məscidinin bərpası da bu prosesin mühüm istiqamətlərindəndir.
Şəhərin dirçəlişinin əsas göstəricilərindən biri keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışıdır. 2025-ci il martın 27-dən Ağdam şəhərinə qayıdış prosesinə başlanılması uzun illər davam edən həsrətin sona çatmasının mühüm mərhələsi oldu. Çünki əsl dirçəliş yalnız infrastrukturun qurulması deyil, insanların öz evlərinə dönməsi, burada məskunlaşması və şəhərin ictimai həyatının yenidən canlanmasıdır.
Ağdam Şəhəri Günü həm keçmişə ehtiramın, həm tarixi Zəfərin, həm də gələcəyə inamın ifadəsidir. Bu gün şəhərdə həyata keçirilən quruculuq işləri Azərbaycanın öz torpaqlarına sahib çıxmaq iradəsini, milli birliyini və inkişaf əzmini nümayiş etdirir. Ağdamın yenidən qurulması Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsi olmaqla, Qarabağın gələcəyinə yönəlmiş strateji baxışın təcəssümüdür.
Azər ALLAHVERƏNOV
Milli Məclisin deputatı