Qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edən “Vətənə Xidmət və Hüquqi-Sosial İnkişaf Maarifləndirmə” İctimai Birliyinin sədri Əziz İsmayılov Zəfər Gününün tarixi əhəmiyyəti, dövlətimizin əldə etdiyi nailiyyətlər və rəhbərlik etdiyi təşkilatın gələcək fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüb.
Əziz İsmayılov bildirib ki, Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu tarixi Qələbə xalqımızın birliyinin, Azərbaycan Ordusunun qəhrəmanlığının, şəhidlərimizin fədakarlığının və qazilərimizin şücaətinin nəticəsidir.
O, bu tarixi Qələbənin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi xidmətlərini vurğulayaraq qeyd edib ki, Prezidentin qətiyyətli siyasi iradəsi, uzaqgörən rəhbərliyi, diplomatik fəaliyyəti və müharibə dövründə nümayiş etdirdiyi əzm Azərbaycanın tarixi Zəfərində mühüm rol oynayıb.
Əziz İsmayılovun sözlərinə görə, Zəfər yalnız keçmişimizin qürur mənbəyi deyil, həm də gələcək nəsillər qarşısında böyük məsuliyyətdir. Şəhidlərimizin əziz xatirəsini yaşatmaq, qazilərimizə diqqət göstərmək, milli-mənəvi dəyərlərimizi qorumaq hər bir vətəndaşın mənəvi borcudur.
İctimai Birliyin gələcək fəaliyyətindən danışan Əziz İsmayılov bildirib ki, təşkilatın əsas məqsədi dövlətə və cəmiyyətə faydalı olmaq, vətəndaşların hüquqi biliklərinin artırılmasına və sosial problemlərin həllinə töhfə verməkdir.
Onun qeyd etdiyinə görə, fəaliyyətin əsas istiqamətlərindən biri hüquqi maarifləndirmə olacaq. Bu məqsədlə vətəndaşların hüquq və vəzifələri barədə məlumatlandırılması, maarifləndirici görüşlərin, seminarların və ictimai müzakirələrin təşkili nəzərdə tutulur.
Bununla yanaşı, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan ailələrə dəstək istiqamətində müxtəlif ictimai təşəbbüslərin həyata keçirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və milli-mənəvi dəyərlərin təbliği də təşkilatın prioritet fəaliyyət istiqamətləri sırasındadır.
Əziz İsmayılov vurğulayıb ki, rəhbərlik etdiyi ictimai birliyin əsas hədəfi cəmiyyətdə etimad qazanan, insanların problemlərinə biganə qalmayan və real fəaliyyəti ilə tanınan bir təşkilata çevrilməkdir.
“İctimai birlik vəzifə daşımaq üçün deyil, cəmiyyət qarşısında məsuliyyət daşımaq üçün yaradılır. Bizim əsas prinsipimiz Vətənə xidmətin sözdə deyil, əməldə göstərilməsidir”, – deyə Əziz İsmayılov bildirib.
Sonda o, Azərbaycan xalqını bir daha Zəfər Günü münasibətilə təbrik edib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa arzulayıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan dövlətinə yeni uğurlar diləyib.
Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, bayrağımız daim ucalarda olsun!
Əziz İsmayılov
“Vətənə Xidmət və Hüquqi-Sosial İnkişaf Maarifləndirmə” İctimai Birliyinin sədri