Autizm və ya Autizm Spektr Pozuntusu (ASP) sosial ünsiyyət, qarşılıqlı münasibət qurma bacarıqlarında çətinliklər və təkrarlanan davranışlarla xarakterizə olunan, erkən uşaqlıq dövründə başlayan nevroloji və inkişaf pozuntusudur. Bu xəstəlik uşaqlarda 6 - 12 aylığında özünü büruzə verir: körpə az gülümsəyir, valideynlə göz təması qurmur, səslərə cavab vermir və s.Valideynlər bu xəstəlikdən əziyyət çəkən övladlarını zamanında müayinə və müalicə etdirdikdə uşaqlar cəmiyyət üçün daha yararlı olur.
Sevinc Hakim qızı Hacıyeva Bakıda məktəbəqədər təhsil müəssisələrindən birində musiqi müəllimi olaraq çalışır. 2 övladı var. Uşaqlardan biri autizm xəstəsidır. İstənilən ananı göz önünə gətirin: övladının autizm xəstəliyindən əziyyət çəkməsi əlbəttə ki onun sosial - məişət qayğılarını artırır. Sevindiricidir ki, bir çox analar kimi, Sevinc xanım da övladlarının cəmiyyət üçün faydalı olmasına çalışır. Buna görə də o, "Lavi" ( Sevgi) Akademiyasını yaradıb. Bu təhsil ocağında Autizm və daun sindromu ilə üzləşmiş uşaq və yeniyetmələr üçün, həmçinin, epilepsiyalı uşaqlar üçün mütəmadi şəkildə kurs və seminarlar təşkil ediləcək. Uşaq və yeniyetmələrin əl işlərindən ibarət sərgilər təşkil olunacaq. Gəlirin bir hissəsi həmin sərgidə əməyi keçən uşaq və yeniyetmələrə çatdırılacaq.
İyunun 23-də "Lavi" Akademiyasının açılış mərasimi oldu. Çıxış edənlər Sevinc xanımı növbəti uğur münasibətilə təbrik etdilər.
Qeyd: biz də öz adımızdan "Lavi" Akademiyasının işgüzar kollektivini təbrik edirik. Uğur olsun!
Şamil Sabiroğlu,
jurnalist.