Siyasi şərhçilərdən biri ötən gün televiziya çıxışında Rusiyanın Cənubi Qafqazdan, xüsusilə Ermənistandan getməsini müsbət qarşılamadığını bəyan etdi. Hətta bu şəxs fikirini əsaslandırmağa çalışaraq bildirdi ki, Rusiyanın regionda qalması balansı qoruyur. Yəqin ki, hörmətli siyasi şərhçi gözəl bilir ki, erməniləri Cənubi Qafqaza gətirən Çar Rusiyası olub. Ümumiyyətlə, iki türk dövlətinin, Azərbaycanla, Türkiyə arasında Ermənistan adlı dövlətin yaradılması Rusiyanın və digər qüvvələrin düşünülmüş layihəsi idi.
Həmçinin Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna 1920-ci ilin aprelin 28-də daxildəki milli satqınların köməyi ilə Sovet Rusiyası nail olmuşdu.
Nəhayət ki, 1988-ci ildən sonrakı proseslər Ermənistan-Azərbaycan münaqişəsinin yaratdığı ağır nəticələr uzaq tarix deyil. Hətta bu yaxınlarda Ermənistanın baş naziri N. Paşinyan da etiraf etmişdi ki, Qarabağ münaqişəsini sovet təhlükəsizlik orqanları yaratmışdı.
Bəli, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazı nəzarətdə saxlamaq, bu regiondakı respublikalara təzyiq etmək üçün bu münaqişə vasitə idi. 30 ildən artıq müddətdə bu çirkin vasitədən istifadə olundu. Artıq münaqişə həll olub. Nala-mıxa vuran Paşinyan da nəhayət ki, həqiqəti dərk edərək etiraf edib. Bu tarix bir şansdır ki, Rusiya kimi dövlət günü-gündən zəifləyir. Bölgədən çəkilmək məcburiyyətində qalan bir dağıdıcı imperiyyanın xiffətini çəkmək doğru yanaşma deyil.
Mən əvvəlki yazılarımda da qeyd etmişdim ki, bizim rus ədəbiyyatına, musiqisinə, mədəniyyətinə rəğbətimiz var. Amma rus şovinizmi, işğalı qəbuledilməzdir. Qənaətimcə, Rusiyada, Qərbdə və digər məkanlarda təhlükəsizlik çətirini axtarmamalıyıq. Bizim təhlükəsizlik çətirimiz güclü Türk dünyası olmalıdır. Türk dövlətləri güc mərkəzinə çevirilsə, o zaman digər güc mərkəzləri də həmin nəhəng türk birliyi ilə hesablaşmaq məcburiyyətində qalacaq.
Əkrəm Bəydəmirli