03 aprel 2026-cı il tarixindı Masallı Dövlət Regional Kollecinin və Masallı rayon Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə aprel döyüşlərinin 10 illiynə həsr olunmuş “Zəfər ruhlu qəhrəmanlar” çərçivəsində növbəti tədbir keçirildi.
Tədbirdə Masallı Dövlət Regional Kollecin kollektivi, Şəhid ailələri, Vətən müharibəsinin qaziləri, mədəniyyət işçiləri iştirak etdilər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü,azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükütla yad edilərək Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanov çıxış edərək bildirmişdir ki, 2016-cı ilin aprel ayında Azərbaycan Ordusu öz gücünü, iradəsini və vətən sevgisini bütün dünyaya nümayiş etdirdi. Cəmi bir neçə gün davam edən bu döyüşlər xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Bu, xalqın öz torpağına bağlılığının, dövlətinə olan sədaqətinin və milli birliyinin bariz nümunəsi idi.
Sonra Şəhid Nurlan Əsgərli və İntiqam Əsgərli qardaşları, Şəhid Firdovsi Bağırzadə və Şəhid Aqil Məlikov haqqında video rolik təqdim olunduqdan sonra qardaşların anası Ziba ana və şəhid Firdovsi Bağırzadənin anası Şəhanə ana çıxış edərək bu torpağın hər qarışı şəhid qanı ilə suvarılmasından, birlikdə olduqca, güclü olduqca Azərbaycanın daha da ucalmasından, və Vətən savaşında Azərbaycan xalqının bir yumruq altında birləşməsindən, Azərbaycanın qeyrətli oğulların misli görünməmiş qəhrəmanlıq salnaməsindən qürurla danışdılar.
Daha sonra Aprel döyüşlərində iştirak etmiş, 44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrdə Murov dağdan-Şuşaya kimi şanlı döyüş yolu keçmiş Qarabağ və 3-cü dərəcəli Rəşadət ordeni ilə təltif olunmuş,ehtiyatda olan qazi komandir Nazim Cəfərzadə, kollecin təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Hüseynova, Masallı rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və Kollecin tədris işləri üzrə direktor müavini Asim Yusifov çıxış edərək bildirmişlər ki, bu gün “Zəfər ruhlu qəhrəmanlar” layihəsi çərçivəsində keçirilən tədbir təkcə keçmişi xatırlamaq deyil, həm də gələcək nəsillərə vətənpərvərlik ruhunu aşılamaq məqsədi daşıyır. Bu gün biz qəhrəmanlarımızı təkcə anmırıq, onların ruhunu yaşadırıq. Onların göstərdiyi şücaət bizə örnəkdir, onların inamı bizim yolumuzu işıqlandırır. Gənclərimiz bu qəhrəmanlıq tarixini bilməli, onu yaşatmalı və Vətənə layiqli övladlar kimi yetişməlidirlər.
Sonda tələbələrin ifasında bədii kompazisiya nümayiş olundu.