Bir zamanlar həyətində gülüşlərim səslənirdi, dostlarımın ayaq izləri torpağa hopmuşdu, qohumlarımın səsi divarlarda əks-səda verirdi. İndi isə o evin qapısında dayananda, 20 ilin həsrəti bir anda ürəyimə çökür.
O evin həyətindəki ağaclar sanki məni tanıyır, budaqları ilə qucaqlamaq istəyir, amma mən yalnız kənardan baxıram. İçimdə bütün xatirələr bir-bir canlanır: uşaqlıq oyunları, mehriban qonşular, dünyadan köçənlərin səsi… hamısı gözümün önündə dirilir, amma əlimdən sürüşüb gedir.
Bu, acı həqiqətdir – yaşadığım evə kənardan baxmaq, amma içəri girə bilməmək. Xatirələrdə yaşamaq, amma onları toxunulmaz bilmək. Ev sadəcə divar deyil, ev – uşaqlığın, sevincin, sevginin məbədi, insanın kökü və ruhunun sığınacağıdır.
20 il sonra o evin qarşısında dayanmaq – həm sevincdir, həm kədər, həm də insanın içini parçalayacaq qədər dərin bir duyğudur. Çünki o evin qarşısında dayananda anlayıram ki, zaman əlimdən sürüşüb getsə də, uşaqlığımın nəfəsi, gülüşlərimin səsi və ruhumun kökü hələ də bu divarların içində yaşayır – mənim varlığımın ən müqəddəs yaddaşı kimi.
Mövsümağa Ədalətoğlu
AJB-nin üzvü
yazıçı-publisist