Masallı şəhərindəki N.Gəncəvi adına Mədəniyyət Mərkəzində Novruz bayramına həsr olunan ədəbi - bədii gecə təşkil olunub. Tədbiri Masallı Dövlət Regional Kollecinin direktoru, Filologiya üzrə fəlsəfə doktoru Rövşən Qurbanov açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Rövşən müəllim dedi:
-Biz, bu tədbiri "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi ilə birgə təşkil etmişik. Məqsədimiz milli adət - ənənələrimizin tanıdılması, tələbə - gənclərin asudə vaxtlarının düzgün təşkilinə nail olmaqdan ibarətdir. Novruz bayramı ilə əlaqədar keçirilən ədəbi - bədii gecədə Kollecin tələbələri arasında inşa müsabiqəsi, "Ən yaxşı kulinariya" nümunəsi, həmçinin, idman və sair sahələr üzrə yarışlar təşkil edildi. Biz, bu gün qalibləri mükafatlandıracağıq."
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, jurnalist Şamil Sabiroğlu, Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev, şəhid Nurlan və şəhid İntiqam Bayram oğlu Ələsgərli qardaşlarının anası Ziba Ələsgərli, "Vətənpərvərlər" Maarifləndirmə ictimai birliyinin həmtəsisçisi, müharibə veteranı Çingiz Bayramov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı - publisist Mövsümağa Ədalətoğlu, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin fəalları - Aynurə Rüstəmova və Mahir Salahov çıxış edərək Kollecin pedaqoji kollektivini Ramazan və Novruz bayramları münasibətilə təbrik etdilər.
Novruz bayramı ilə əlaqədar təşkil olunan müsabiqənin qaliblərinə Təşəkkürnamə və Xüsusi Diplomlar təqdim olundu.
Tələbə-gənclərin ifasında maraqlı ədəbi - bədii kompozisiya səsləndirildi.
Mövsümağa Ədalətoğlu,
yazıçı - publisist.
Masallı şəhəri, 16.03.2026.