Sərin-sərin, ehmal-ehmal yağan yağış yenicə kəsmişdi. Çiçəklərin ətri bir yana, torpaqdan qalxan qoxu könül ovsunlayırdı. Narın yaz yağışında yuyunan yarpaqlar günün şüasında elə parıldayırdı ki, qəlbləri riqqətə gətirəcək qədər. Kürün lal sularına baş vuran qağayıların qığıltısı, seyrək ağacların arasında pırıldaşan torağayların cəh-cəhi Muğan düzünə layla çalırdı o gün.
Baharın gəlişini ilk qarşılayan Aran yayda istidən qovrulacağını bildiyi üçün su ehtiyatını tutmaqda idi. Yoxsa cadar-cadar olan torpaqlar gülün-çiçəyin, otun-ələfin kökünü qurudacaq, susuzluqdan rəngi solan güllərin nəfəsi kəsiləcəkdi.
Yağış təbiətin qan damarı, ruh halıdır. Təbiət canlandıqca heyrətamiz gözəlliklər tilsimə çevrilir, ovsunlayır, sehrləyir hər kəsi. De gəl bu ovsundan xilas ol, görüm, necə olursan. Maraqlıdır ki, yağış yağanda həm də balıqların rəqsi başlayır. Bəlkə də damcıların səsindən vəcdə gələn balıqlar musiqi zənn edir hər bir titrəyişi. Torçular da bu məqamı gözləyir. Başı rəqsə qarışan balığı tora salmağa nə var ki...
Bahar təravətli bir gündə - dəli Kürün sahilində - Salyanda bir oğul göz açdı dünyaya. Adına Kamran dedilər.
Kamran tez bir zamanda ayaq tutdu, böyüdü. Orta məktəbə qədəm qoyduğu gündən hər kəsin sevimlisinə çevrildi. Mehriban olduğu qədər səmimi, diribaş olduğu qədər də dostcanlı, vəfalı, etibarlı bir oğul oldu. Həddi-büluğa çatan kimi Daxili Qoşunların “N” saylı hərbi hisssəsində əsgəri borcunu da yerinə yetirdi. O, torpağa, elə-obaya bağlılığı ilə seçilirdi. Hətta bu Vətən, bu torpaq uğrunda şəhid olacağını dilinə gətirəndə orta məktəbdə oxuyurdu.
Bir dəfə Arbatan məzarlığının yanından keçərkən, əli ilə şəhid məzarlarını göstərib demişdi: “Ana, görürsən, orada necə kişilər yatır, mən də onların sırasında olmaq istərdim”. –Ay oğul, nə danışırsan, hələ sən körpəsən, həyatda nə görmüsən ki, indidən şəhidlik arzulayırsan” – demişdi Arzu ana. Amma Kamranı fikrindən daşındırmaq mümkün olmamışdı.
Kamran həqiqi hərbi xdməti başa vurub evə döndükdən sonra müxtəlif sahələrdə çalışsa da, ürəyincə deyildi. Hərbçi olmaq, Vətənin keşiyində durmaq, torpaqların azad olunmasında iştirak eləmək istəyirdi. Zabitlərin çiynindəki ulduzları görəndə dərindən köks ötürürdü. Ona görə də özünə söz vermişdi, söz vermişdi ki, cəbhə bölgəsinə gedəcək.
Nəhayət, arzusuna çatmaq üçün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “gizir hazırlığı kursu”nu bitirib Pirəküşküldə “N” saylı hərbi hissədə xidmətə başladı. Bu, Kamranın torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulması üçün ən uğurlu addımı idi.
Həftə sonu evə gəlir, yeganə övladı Ümidlə gününü keçirərdi.
Qarı düşmən zəbt etdiyi ərazilərdə saysız-hesabsız canlı qüvvə, uzaqvuran artilleriya və ağır texnika yerləşdirmişdi. Bu qədər silahların qarşısında Azərbaycan ordusunun tab gətirə biləcəyini düşünmək təslimçilik qədər qorxulu idi. Günnüt istiqamətində, Lələtəpə-Seysulan ətrafında, Tovuz döyüşlərində uğursuzluğa düçar olsalar da, ordumuzun gücünü, qüdrətini qiymətləndirə bilmədilər. Daha anlamadılar ki, lokal xarakterli döyüşlər Azərbaycan ordusu üçün bir sınaqdır.

Antiteror əməliyyatının başladığı 27 sentyabr 2020-ci il tarixi şanlı hərb salnaməsinin yenidən yazılan səhifəsi oldu. Düşmənin hesablamasına görə Azərbaycan ordusunun ilk hücumu məhz Ağdam istiqamətində olmalı idi. Füzuli ərazisinə kifayət qədər mina əkərək səngərləri betonlaşdırdıqdan sonra oranın keçilməz olduğunu zənn edirdilər. Ona görə də əsas qüvvəni Ağdam ətrafına cəlb etmişdilər. Aldadıcı manevrlər düşməni çaşbaş saldığı üçün hansı cinahdan hücum ediləcəyini təxmin edə bilmədilər. Bütün bunlara baxmayaraq, Azərbaycan ordusu müxtəlif kombinasiyalar quraraq, fərqli cinahlardan zərbələr endirdi. Snayperlərin dəqiqliyi mövqeləri susdurduqca, bölüklər daha da irəli atılır, səngərlər darmadağın edilirdi. Kamranın cəsarəti, diribaşlığı düşmənin sıralarını seyrəlməkdə idi, axı o həm də mahir nişançı idi. Pulemyotu köksünə sıxıb od ələyirdi düşmənin başına.
Neçə-neçə yaralının döyüş meydanından çıxarılmasında əvəzsiz xidməti olan Kamran həm də qorxmazlığı ilə seçilirdi. Uca boylu, şux qamətli igid kabus kimi düşmənin başına çökürdü.
Arzu ana neçə gün idi ki, yata bilmirdi. Qızğın döyüş onun yuxusunu ərşə çəkmişdi. Dadaş kişi özünü təmkinli aparsa da, müharibənin nə olduğunu yaxşı anlayırdı. – Ay arvad, narahat olma, görürsən ki, ordumuz sürətlə irəliləyir, xoş xəbərlər dalbadal gəlir. İnşallah, bir də gördün qələbə ilə geri döndülər, - desə də içindəki sıxıntıdan qurtula bilmirdi.
Kamran peşəkar pulemyotçu idi.
-Ay oğul, hansı silahla döyüşürsən, - telefonda danışarkən soruşmuşdu anası.
-Ömrüm (anasına ömrüm deyə müraciət edirdi), Mübarizin silahını yaxşı tanıyırsan, bax mənimki də həmin silahdandı. Mübariz hər birimiz üçün ilham mənbəyidir, örnək timsalıdır. Onun kimi döyüşməsək torpaqları geri qaytara bilmərik. Ona görə də məhz pulemyotla döyüşürəm. Bir də narahat olmayın, böyük uğurlarımız var, bütün cinahlarda irəliləyirik.
O gün bir daha ana qürur duydu oğlu ilə, nə qədər sıxıntılı, həyəcanlı olsa da...
5 oktyabr 2020-ci il, saat 10:30. Hər səsə ürəyi titrəyən ana hövlank zəngə tərəf boylandı. O an ayaqlarını qoşalayıb beşik eləmişdi Tunar üçün. Dünyanın gərdişindən xəbərsiz olan Tunar da dərsiz-dərsiz yırğalanırdı o beşikdə.
Deyəsən Kamran idi zəng eləyən. Dəstəyin o başından səsi aydın eşidilirdi.
-Necəsən, ay oğul, gözümüz yollarda qalıb, - demək istəsə də, qırıq-qırıq kəlmələr boğazına tıxandı. Qəhərdən dili tutuldu. Amma oğluna bildirmək istəmədi. Səsini yaxşı eşitmirəm, bəhanəsi ilə özünü toparlamağa çalışdı.
-Ay oğul, vəziyyətin necədi? Havalar yaman soyuyub, əyin-başın varmı? Özünü soyuqdan qoru, - dedi ana. Necə həyəcanlandısa, heç güllədən qorunmağı tapşırmadı.
-Narahat olma, ömrüm. Zəng elədim ki, halallıq istəyim. Sabah ən ağır döyüşə gedirik. Getmək də var, qayıtmamaq da. Atama da salamımı çatdır, qardaşımı, bacımı bağrına basıb öp mən əvəzdən.
-Sən nə danışırsan, ölüm nədi, sənsiz necə yaşaya bilərəm, bəs atanı kimə tapşırırsan?! Sənsiz tab gətirə bilmərəm, onsuz da hər gün yüz kərə ölüb-dirilirəm, - ana sözünün dalını gətirə bilmədi, telefonu qızına uzatdı.
-Fatimə, əziz bacım, sən də haqqını halal et, uşaqları, Tahirəni sənə tapşırıram. Hönkürtüdən özünü saxlaya bilməyən Fatimə dizi üstə çökdü. Bu dəfə telefonu Orxan götürdü.
-Buyur, qardaş, eşidirəm.
-Orxan, müharibənin nə qədər amansız olduğunu yaxşı bilirsən, sabah döyüşə gedirik, ola bilsin qayıtmadım. Evdəkiləri sənə tapşırıram. Əgər şəhid olsam, məzara qədər məni çiynində apar. Beləcə, əlaqə kəsildi.
O gecə ailədə hər kəs səhəri dirigözlü açdı. Televizorun pultu əlindən düşməyən ata bütün kanalları bir-bir yoxlayır, cəbhə xəbərlərini qaçırmamağa çalışırdı. Əsən yeldən, uçan quşdan xəbər uman ailə sağa-sola vurnuxa-vurnuxa kiməsə zəng edir, döyüşün aqibətilə maraqlanırdılar.
Günortadan bir qədər keçmiş qonşuluqda təcili yardım maşını göründü. Arzu xanım oğluna işarə elədi ki, maşını ora sürsün. Oğul harayında idi. Artıq onun da qapısına təcili yardımın gələcəyini hiss etmişdi.
...Kamran döyüşə getməzdən öncə bayrağı anasına verib demişdi: - Həyətin girişindən as, qoy hər tərəfdən görünsün, axı həm də iki döyüşçü anasısan. O gün üçün bəri başdan hazırlıq gör. İşdi, şəhidlik qismətim olsa, nə xoş halıma.
Ana yenə də onu bu fikrindən daşındırmağa çalışdı, bayrağı büküb əlçatmaz bir yerə qoydu. Oğlunu da başa saldı ki, bir daha şəhidlik kəlməsini dilinə gətirməsin. Bu kəlməni eşidəndə vücudum titrəyir, oğul. Kamran da “olacağa çarə yoxdur” – deyib təbəssümlə süzdü anasını. Asmırsan, asma, amma vaxt gələcək o bayrağı qürurla dalğalandıracaqsan qapımızda.
Kamranın hazırladığı videoçarx bu gün də hər kəs üçün qəlb göynərtisidir. Hərbi və mülki geyimdə fərqli şəkilləri bir araya toplayaraq “ana, mən şəhid olacam” sözlərinə yazılmış mahnı ilə qurub-qoşduğu çarxı anasına göndərib israrla bax demişdi. Amma ağlama ha... Allah o günü oğluna qismət eləsin. O zaman Arzu xanımın keçirdiyi hissləri sözlə ifadə etmək heç də mümkün deyil. O çarx bu gün ən qiymətli xəzinə kimi qorunur Kamranın əşyaları arasında.
Kamran İmam Hüseyn aşiqi idi. Elə bir aşiq olaraq, Vətən, torpaq, yurd uğrunda şəhadətə yol aldı.
-Tahirə, əzizim, bilirəm ki, mən də şəhid olacağam. Uşaqlar böyüyüb məktəbə gedəndə müəllim ondan kimin oğlu olduğunu soruşacaq. O da qürurla ayağa qalxıb şəhid Kamran Quliyevin oğluyam deyəcək. Bax onda fəxr edəcəksən ki, oğlunun atası bu Vətən uğrunda şəhadətə yüksəlib. Qürurludur, deyilmi?! –demişdi Kamran.
Növbəti hücumun vaxtına az qalırdı. Düşmən strateji nöqtədə mövqelənmişdi. Dar keçidin əks tərəfinə keçmək istəyən 90 nəfərlik bölüyün təhlükəsizliyini Kamran öz üzərinə götürdü. Hədəfləri bir-bir susdurduqdan sonra kiçik qruplara bölünərək təyin olunan nöqtəyə doğru irəlilədilər. Kamranın da daxil olduğu sonuncu beş nəfərlik qrup hərəkətə keçmişdi ki, atəş açıldı. Gizir Quliyev 90 nəfərlik bölüyü sağ-salamat dar keçiddən keçirsə də, özü hədəfdən yayına bilmədi. O, əsl qəhrəmanlıq və rəşadət göstərərək şəhidlik zirvəsinə ucaldı.
O səhər dili ağzına sığmır, həyəcandan az qala dodaqlarını çeynəyirdi Arzu ana. Kürəyi od tutub yanırdı. Sanki ağır bir yük asılmışdı çiyinlərindən. Nəsə dammışdı ürəyinə. Oğlunun başına bir iş gəldiyini yəqin etmişdi. Bir yerdə qərar tuta bilmir, var-gəl edirdi. Az qala ürəyi partlayacaqdı ananın. Bayırda narın-narın yağış yağırdı.
Allah, canı canla dəyiş, - kəlməsi dilindən qopub ərşə qalxdı. Oğlumun əvəzinə məni öldür, o cavandı, iki körpəsi var, onlara qıyma atasız böyüsün, Allahım. Kəlmələr sıralandıqca, əvvəlki həyəcan qeybə çəkilirdi elə bil.
Ötən günləri xatırladı ana. -Ömrüm, çox xoşbəxt anasan, çünki dağ boyda iki oğlun var. Dağa söykəndikcə daha da əzəmətli görünürsən, - Kamranın dilindən puçurlanan bu kəlmələr ananı nə qədər qürurlandırmışdı o gün. Kino lenti kimi bircə-bircə göz önünə gəldi o anlar.
...Zəng çatmırdı, komandirə telefon açdıq. Dilini sürüdü. Sən demə, Kamran Haqqa yüksələn o uca yolda imiş.
Orxan əczaxanaya getmişdi. İçəri girər-girməz ismsiz nömrədən zəng gəldi.
-Salam, Orxandı?
-Bəli.
-Evdə, salamatlıqdırmı, Kamrandan nə xəbər?
-Şükür, yaxşılıqdı, Kamranla da dünən əlaqə saxlamışıq.
Əlaqə kəsildi.
Orxanın şübhələri artdı. Evə tələsdi. Eyni nömrədən yenə zəng gəldi. Bu dəfə gizləməyə çalışsa da, Kamranın şəhid olduğu gün kimi aydın idi.
Orxan özünü evə yetirdi, Fatimə onun dalınca qaçanda anın şübhələri artdı. Yan otağa keçəndə Orxan dizi üstə çökmüşdü.
-Bəli, oğlum şəhid olub, - pıçıldadı ana. Qəddini düzəldib bayıra çıxdı. İynə atsan yerə düşməzdi, eşidən-bilən, az qala rayonun bütün əhalisi axışıb gəlmişdi. İcra başçısı Sevindik müəllim də öndə idi.
Narın-narın yağış yağırdı. Palçıq qır saqqız kimi yapışmışdı ayaqqabılardan. Arzu ana oğlunu görməyə tələsdi.
-Ana, gəl otur bizim maşına, birlikdə gedək, - Sevindik müəllim dilləndi.
-Ayaqlarım palçıqdı, gələ bilmərəm.
-Ayağının palçığına qurban olum, ana, gəl otur, təki bulaşan maşın olsun, onu yuyub təmizləməyə nə var ki!?
***
18 qəlpə yarası almışdı Kamran.
Telində bir topa ağ tük vardı. Arzu ana oğlunun telinə sığal çəkdikdən sonra bağrına basıb duz kimi yaladı. Ona elə gəldi ki, ana nəfəsi oğlunu oyadacaq. Sonra əllərini göyə qaldırıb şükür duası etdi. Hələ Birinci Vətən müharibəsində itkin düşənləri xatırlayıb, valideynlərinin nələr çəkdiyini düşündü. Şükür etdi ki, oğlunu ziyarət etmək üçün bir təsəlli yeri - üz sürtüləcək bir baş daşı olacaq.
Hər iki övladın – Ümidlə Tunarın telində olan ata nişanəsi şərəfli ömrün əmanəti, yadigarıdır. O əmanət həm də atadan oğula keçən qiymətli bir mirasdır ki, ömrü boyu atanı andıracaq.
Kamranın ilk ailə həyatı da uğurlu alınmamışdı. Nailə xanımla bağladığı izdivacdan dünyaya gələn Ümid də onları bir arada saxlaya bilməmişdi.
İllər sonra Tahirə xanımla həyat yolunu birləşdirən Kamran dünyaya göz açan Tunarını yalnız bircə dəfə görə bildi. Nə doyunca bağrına basdı, nə də başını sığalladı. İl yarımlıq ömür-gün yoldaşının nə bir istəkan çayını əməlli-başlı içə bildi, nə qol-qola girib dükan-bazara, nə də istirahətə getdi.
Kamran dünyaya göz açanda narın-narın yağış yağırdı. Belə bir gündə körpənin dünyaya gəlişi xeyir, bərəkət, uğur gətirəcək demişdilər. Dünyaya göz yumduğu gün də narın-narın yağırdı. Onun Haqq dərgahına – ali mərtəbəyə ucalmasına mələklər sevinsə də, göylər göz yaşı axıtdı dedilər. Axı saflığı, təmizliyi, əxlaqı, ədəbi ilə seçilənlərdən idi Kamran. Uca Yaradan da onu yüzlərin, minlərin içindən seçib dərgahına apardı.
Bir zaman arzuladığı, barmağı ilə şəhid baş daşlarını göstərərək “gör burada necə kişilər yatır” – dediyi Arbatan məzarlığında uyuyur Kamran. Onu ziyarət edənlər tərəfindən səcdəgaha, qibləgaha, and yerinə çevrilən məzarlıqda...
Ayrılığın acısına dözə bilməyən Dadaş kişi də az sonra həyatla vidalaşdı.
***
O, ən böyük arzusuna çatdı. Şəhid olmaq üçün doğulmuşdu elə bil. Uca bolu, enli kürəkli, səmimi, mehriban, sədaqətli, səxavətli, vəfalı və güvənli oğul idi Kamran.
Bu gün Quliyevlər ocağına işıq tutan Tunar və Ümid adlı iki övlad böyüyür. İnanırıq ki, şəhid adını uca tutan övladlar tək bir evin çırağı deyil, ana vətənimiz Azərbaycanın başı üzərində parlayan bir günəş olacaqlar. Və o günəşin hərarəti çoxlarına ümid olacaq.
Beləcə, qəhrəmanlıq dastanı yazan gizir Kamran Dadaş oğlu Quliyev döyüşlərdə göstərdiyi rəşadətə görə, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi.