Mən, Heydərov Şamil Hilal oğlu, Demokrat.az internet informasiya resursunda dərc edilmiş “Karqo Şamilin görünməyən üzü” adlı məqalədə barəmdə yayılan məlumatların həqiqətə uyğun olmadığını, qərəzli, birtərəfli və böhtan xarakterli olduğunu bildirir və bu yazıya rəsmi etirazımı təqdim edirəm. Qeyd olunan material eyni media resursunda mənim adımın hallandırıldığı artıq ikinci yazıdır və bu hal təsadüfi deyil, ardıcıl və məqsədli şəkildə işgüzar nüfuzuma xələl gətirilməsinə yönəlmiş informasiya kampaniyası təəssüratı yaradır.
Məqalədə mənim adım “Ramiz Mehdiyevin siyasi nomenklaturasının himayəsində yetişmiş”, “köhnə və qeyri-şəffaf idarəçilik sisteminin daşıyıcısı”, “özünü toxunulmaz hesab edən şəxs” kimi qiymətləndirici və təhqiramiz ifadələrlə təqdim olunur. Bu iddialar konkret faktlara, məhkəmə qərarlarına və ya rəsmi sənədlərə deyil, müəllifin subyektiv mülahizələrinə və siyasi etiketləmələrə əsaslanır. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, “hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır”. Barəmdə hər hansı qanunsuzluq, qeyri-şəffaf fəaliyyət və ya hüquqazidd əməl barədə mövcud olan bir məhkəmə qərarı və ya rəsmi istintaq sənədi yoxdur.
Bu cür təqdimat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi ilə qorunan şərəf, ləyaqət və işgüzar nüfuz hüquqlarımı pozur. Həmin maddəyə əsasən, şəxs barəsində həqiqətə uyğun olmayan və onun nüfuzunu ləkələyən məlumatlar yayan tərəf bu məlumatları təkzib etməli və dəymiş zərəri aradan qaldırmalıdır. Eyni zamanda, məqalədə yer alan ifadələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulan böhtan və 148-ci maddəsində nəzərdə tutulan təhqir əlamətlərini ehtiva edir, çünki faktiki əsas olmadan mənim barəmdə mənfi ictimai rəy formalaşdırılır və bu, kütləvi informasiya vasitəsi ilə geniş auditoriyaya çatdırılır.
Məqalədə yaşayış binaları ilə bağlı irəli sürülən iddialar da birtərəfli və manipulyativ formada təqdim edilmişdir. Guya kütləvi sakin narazılığı, aylıq yığılan vəsaitlərin qeyri-şəffaf xərclənməsi barədə deyilənlər konkret faktlar, rəsmi aktlar və ya səlahiyyətli qurumların rəyləri ilə təsdiqlənmir. Azərbaycan Respublikasının “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanununun 14-cü maddəsinə əsasən, KİV informasiyanı dəqiq, obyektiv və balanslı şəkildə təqdim etməlidir. Bu yazıda isə mənim mövqeyim, izahatım və rəsmi məlumatlar lazımi qaydada təqdim olunmadan, yalnız ittihamedici ritorika ilə oxucuya çatdırılmışdır.
Bundan əlavə, mənim adımın davamlı olaraq konkret siyasi fiqurların kölgəsində təqdim edilməsi, guya hansısa “toxunulmazlıq mifologiyasına” sığınmağım barədə ifadələr hüquqi əsaslara deyil, emosional və siyasi manipulyasiyaya xidmət edir. Mən heç vaxt özümü qanundan üstün hesab etməmişəm, fəaliyyətimi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində qurmuşam və dövlət institutlarına hörmətlə yanaşmışam. Media azadlığı anlayışı isə böhtan yaymaq, şəxsin işgüzar nüfuzuna xələl gətirmək və onu ictimai qınaq obyektinə çevirmək azadlığı demək deyil. Bu, həm Konstitusiyanın 50-ci maddəsi, həm də jurnalist etikası normaları ilə açıq şəkildə məhdudlaşdırılıb.
Xüsusilə qeyd etməyi zəruri hesab edirəm ki, Demokrat.az saytında 26 dekabr 2025-ci il tarixində “Ramiz Mehdiyevin şəriki binasından yığılan pulları Əli Kərimliyə ötürüb?” başlığı ilə, “Vaqif Hüseynli” imzası altında dərc edilmiş məqalə ilə bağlı tərəfimizdən məhkəməyə müraciət olunmuşdur. 16 yanvar 2026-cı il tarixində saat 09:00-da hakim Kamal Babayevin sədrliyi ilə keçirilmiş məhkəmə iclasına cavabdeh tərəfdən heç bir nümayəndə qatılmamış, proses 19 yanvar 2026-cı il tarixinə təxirə salınmışdır. Həmin iclas zamanı isə məhkəmədə məlum olmuşdur ki, məqalənin müəllifi kimi təqdim edilən “Vaqif Hüseynli” adlı şəxs faktiki olaraq mövcud deyil. Bu fakt yazının konkret müəllif məsuliyyəti olmadan, sayt rəhbərliyi tərəfindən əvvəlcədən planlaşdırılmış şəkildə hazırlandığını və yayımlandığını açıq şəkildə göstərir.
Müəllifin real olmaması, məhkəmə prosesindən yayınma və ardıcıl şəkildə eyni mövzuda böhtan xarakterli yazıların dərc edilməsi bu fəaliyyətin təsadüfi jurnalist araşdırması deyil, məqsədli, planlı və potensial olaraq şantaj xarakterli olduğunu deməyə əsas verir. Bu cür yanaşma iş adamının nüfuzunu ləkələmək, ona ictimai təzyiq göstərmək və müxtəlif maraqlar naminə təsir mexanizmi formalaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər. Hazırda bu məqalə ilə bağlı da sayt rəhbərliyinə qarşı müvafiq hüquqi iddialar qaldırılmışdır.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Demokrat.az redaksiyasından barəmdə dərc edilmiş həqiqətə uyğun olmayan, böhtan və təhqir xarakterli məlumatların təkzib edilməsini, bu etiraz mətninin eyni media resursunda və eyni görünənliklə dərc olunmasını tələb edirəm. Eyni zamanda bildirirəm ki, bu cür yazıların davam edəcəyi təqdirdə, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş bütün hüquqi vasitələrdən, o cümlədən hüquq-mühafizə orqanları qarşısında məsələ qaldırmaq hüququmdan istifadə edəcəyəm.