Ermənistanın konstitusiya dəyişikliyi çağırışına məhəl qoymaması olduqca narahatlıq doğurur.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş nazirinin ofisinin sərhəddə atışmalar və digər anti-Azərbaycan iddiaları ilə bağlı bəyanatına dair şərhində deyib.
Onun sözlərinə görə, Azərbaycana qarşı ərazi iddialarına son qoymaq üçün konstitusiyaya dəyişiklik edilməsi barədə uzun müddət bundan əvvəl irəli sürülmüş tələbimizdən xəbərdar olmasına baxmayaraq, Ermənistanın bu çağırışa məhəl qoymaması olduqca narahatlıq doğurur.
"Danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Bununla yanaşı, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq", - A.Hacızadə qeyd edib.