2022-ci ildə Rusiya vətəndaşlığından imtina edərək sentyabr ayında qanunsuz yollarla Azərbaycanın Qarabağ bölgəsinə gələn və burada qondarma rejimdə "nazir" vəzifəsini tutan Ruben Vardanyan açıq şəkildə separatçılıq fəaliyyətinə başladı. Onun fəaliyyəti Azərbaycanın təbii sərvətlərinin talan edilməsi, bölgədə gərginliyi artırmaq və ölkəmizin suverenliyinə qarşı müqavimət ocaqları yaratmaq, qondarma qurumun ömrünü uzatmaqdan ibarət olub. Amma Azərbaycanın 2023-cü ilin sentyabr ayında keçirdiyi 24 saatlıq lokal xarakterli antiterror əməliyyatı nəticəsində Ermənistana qaçmağa cəhd edən Vardanyan saxlanılıb.
Bakıya gətirilən və ədalət məhkəməsi qarşısında cavab verən milyarder terrorçuluğu maliyyələşdirmə, qanunsuz silahlı birləşmələrin yaradılmasında iştirak və dövlət sərhədini qanunsuz keçmə kimi ağır maddələrlə ittiham olunaraq 20 il azadlıqdan məhrum edilib.
Vardanyan 2023-cü ildə saxlanılıb Bakıya gətirildikdən sonra onun oğlu David Vardanyan atasını müdafiə etmək üçün qlobal PR, hüquq və media şəbəkələri vasitəsilə Azərbaycan əleyhinə dezinformasiya kampaniyasına start verib. Maraqlıdır ki, bu kampaniya yalnız Rubenin müdafiəsilə kifayətlənməyib. Eyni zamanda Azərbaycana qarşı beynəlxalq media və sosial şəbəkələrdə təzyiq yaratmaq məqsədini daşıyıb.
Vardanyan ailəsinin pulları hesabına Edelman və Havas PR şirkətləri, Luis Moreno Okampo kimi hüquq mütəxəssisləri, "Aurora Humanitarian İnitiative" vasitəsilə tanınmış ictimai fiqurlar və media nəşrləri bu kampaniyaya cəlb edilib. Onların məqsədi sistemli şəkildə Ruben Vardanyanın "siyasi məhbus", "humanitar xadim", "Azərbaycanın haqsız həbs etdiyi iş adamı" imicini yaratmaq, bu saxta xəbərləri tirajlayaraq, qlobal auditoriyada yanlış təəssürat yaratmaqdır. Halbuki Azərbaycan qanunlarını pozan və separatçılıqla məşğul olan Vardanyanın məsələsi sırf ölkənin daxili məsələsidir və hər hansı bir dövlətin və ya qurumun bu mövzuda fikir bildirməsi hüquqi cəhətdən də etik və düzgün sayılmır. Kampaniya xüsusilə COP29 və digər beynəlxalq tədbirlər ərəfəsində Azərbaycana qarşı informasiya hücumları, lobbiçilik və reputasiya strategiyaları ilə müşayiət olunaraq ölkənin beynəlxalq imicinə təzyiq göstərmək üçün daha da aktivləşib.

Yuxarıda adı qeyd edilən Edelman ABŞ-nin ən böyük PR şirkətlərindən biridir. Şirkət Vardanyan ailəsi tərəfindən külli miqdarda ödəniş alaraq, Vardanyanın yuxarıda qeyd edilən "imic"lərini beynəlxalq mediada formalaşdırmaq üzərində işləyib. Eyni zamanda müxtəlif açar sözlərlə aparılan sosial media kampaniyaları, "freearmenianprisoners" platformasının təşviqi, Qərb mediasında Azərbaycan əleyhinə müxtəlif yazıların dərc edilməsi də bu şirkətin fəaliyyətinin əsas istiqamətlərindən olub. COP 29 ərəfəsində Azərbaycana qarşı informasiya müharibəsinin də mərkəzində məhz Edelman şirkəti durub. Bu kampaniyanın isə məqsədi, iqlim gündəmini ikinci plana ataraq, beynəlxalq medianı Azərbaycandakı "siyasi məhbus", yəni Ruben Vardanyana fokslamaq olub.
Əslində bu, şirkətin Azərbaycana qarşı ilk fəaliyyəti deyil. Belə ki, Edelman 2015-ci ildə qondarma erməni soyqırımı ilə bağlı PR-kampaniyada iştirak edib və elə həmin dövrdə də Azərbaycana qarşı kommunikasiya təzyiqi formalaşdırıb.
Qeyd edək ki, Persues Strategies şirkəti də ABŞ-də fəaliyyət göstərir və bu məsələdə hüquqi müstəvidə koordinasiyanı öz üzərinə götürüb. Firmanın rəhbəri Jared Genser Vardanyanın beynəlxalq hüquqi müdafiəsini təşkil edir, BMT mexanizmlərinə müraciətləri və ABŞ Konqresində lobbiçilik təşəbbüslərini koordinasiya edir. Məqsəd onun "siyasi məhbus" kimi tanınmasına nail olmaq və bununla da Azərbaycana qarşı əlavə siyasi təzyiq mexanizmləri formalaşdırmaqdır. Maraqlıdır ki, argentinalı hüquqşunas və zaman-zaman Azərbaycan əleyhinə bəyanatları ilə tanınan Luis Okampo da bu hüquq şəbəkəsinin aktiv fiqurlarından sayılır. Onun çıxışları müəyyən yollarla və vasitələrlə, təbii ki, burada söhbət Vardanyan ailəsinin pullarından gedir, bir sıra media qurumlarında da tirajlanıb. Okampo həm də "Raoul Wallenberg Institute of Human Rights and Humanitarian Law" ilə əlaqəlidir və son aylarda X platformasında 120-dən çox antiAzərbaycan və COP29 mövzulu paylaşım edib. Bu aktivlik koordinasiyalı kommunikasiya xəttinin bir hissəsi kimi təqdim olunur. Sözügedən şirkət də son illərdə Ermənistanda geniş proqramlar icra edir. Xüsusən də 2023-cü il sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatından sonra İrəvanda bir sıra konfranslar keçirərək, Azərbaycanın Qarabağdakı fəaliyyətini tənqid edib. Bundan əlavə, birbaşa geniş siyasi bəyanatlar verməsə də, Azərbaycanın daxili insan hüquqları vəziyyəti barədə beynəlxalq hesabatların hazırlanmasında iştirak edir və ya bu hesabatlara istinad edir.

Vardanyanın oğlu David bundan əlavə, atasının sərvətindən istifadə edərək, ABŞ və Avropadakı siyasətçilərlə görüşlər təşkil edir, Azərbaycan əleyhinə sifarişli məqalələrin yazılmasına və dərc edilməsinə bilavasitə rəhbərlik edir. Onun dünya mediasında "atasını xilas etmək istəyən oğul" kimi göstərilməsi, insanların duyğularına xitab edən bir PR gedişidir.
Bundan əlavə, qeyd edək ki, bu kampaniyada ABŞ-də yaşayan erməni əsilli iş adamı Nubar Afeyan da böyük rol oynayır. Afeyan və Ruben Vardanyan arasındakı əlaqələr sadəcə dostluq deyil, onilliklərə dayanan strateji tərəfdaşlıqdır. Amerikalı erməni maliyyə və beynəlxalq əlaqələrindən istifadə edərək, Azərbaycan əleyhinə kampaniyada aktivlik nümayiş etdirir. 2015-ci ildə bu iki şəxsin təsis etdiyi "Aurora" Humanitar Təşəbbüsü və mükafatı əslində xeyriyyəçilik yox, böyük bir lobbi şəbəkəsidir. Afeyan bu fond vasitəsilə tanınmış siyasətçi və Hollivud ulduzlarını, tanınmış ictimai şəxsləri şəbəkəyə cəlb edir, onların nüfuzundan Vardanyanın müdafiəsi üçün istifadə edir. Bundan əlavə, fondun beynəlxalq idarə heyəti üzvləri hazırda müxtəlif dövlətlərə və beynəlxalq təşkilatlara (BMT, Aİ) Azərbaycan əleyhinə çağırışlar edən əsas fiqurlardır. Hazırda fəaliyyət göstərən və Vardanyan daxil olmaqla separatçıların azad edilməsini tələb edən rəsmi internet platformaları və petisiyalar Afeyan tərəfindən həm siyasi, həm də maddi cəhətdən dəstəklənir. Afeyan Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərə (məsələn, COP29) qarşı "boykot" və "şantaj" kampaniyalarında fəaldır. O, beynəlxalq ictimaiyyəti Azərbaycanın COP29-a ev sahibliyi etməsinə qarşı çıxmağa çağırıb və bu mövzunu Vardanyanın azad edilməsi şərti ilə əlaqələndirməyə çalışıb, zaman-zaman X və digər sosial media hesablarında Azərbaycanı "insan haqlarını pozmaqda" ittiham edərək, Qərb rəsmilərini Bakıya təzyiq göstərməyə səsləyir. Afeyan bu kampaniyada "intellektual və maliyyə mərkəzi" rolunu oynayır. O, Vardanyanın separatçılıq fəaliyyətini və törətdiyi cinayətləri "humanitar fəaliyyət" örtüyü altında gizlədərək dünya ictimaiyyətinə təqdim etmək üçün bütün biznes və siyasi resurslarını səfərbər edib.
Auroraya sabiq ABŞ prezidenti Bill Klintonun qızı Çelsi Klintonun qoşulması, USAİD rəhbəri Samanta Pauerin (Azərbaycan əleyhinə çıxışları və ermənipərəst mövqeyi ilə tanınır) bu fondla dərin və uzunmüddətli əlaqələrinin olması bir sıra mətləblərdən də xəbər verir. Yəni, Vardanyan şəbəkəsinin ABŞ-nin qərar qəbul edən mərkəzlərinə necə sızdığını və Azərbaycan əleyhinə diplomatik təzyiq rıçaqları formalaşdırdığını açıq şəkildə nümayiş etdirir. Pauerin həm 44 günlük müharibə, həm də sonrakı antiterror tədbirləri zamanı Azərbaycanı hədəf alan bəyanatları, əslində onun Vardanyan və Afeyan tərəfindən qurulan şəbəkəyə sadiqliyinin göstəricisi kimi qiymətləndirilə bilər. Çelsinin isə bu fondda iştirakı Vardanyanı "beynəlxalq humanitar elitaya daxil olan bir şəxs" kimi qələmə vermək üçün istifadə olunur. Bu, beynəlxalq mətbuata "əgər Klintonun qızı bu fonddadırsa, deməli Vardanyan həqiqətən humanitar fəaldır" mesajını ötürür.
Media müstəvisində isə "The Washington Post", "The New York Times" və "Forbes" kimi nəşrlərdə Azərbaycan əleyhinə yazıların yerləşdirilməsi əsas alətlərdən biri kimi göstərilir. Bu media qurumları özlərini müstəqil adlandırsalar da, rəy bölməsi lobbi qrupları üçün əlverişli meydan hesab edilir və külli vəsaitlər dövr edir. Edelman isə bu bölmədə məqalələri kənar müəllif rəyi kimi yerləşdirərək, ictimai rəyə təsir edir. Məqsəd isə Vardanyanın maliyyə fırıldaqçısı və separatçı keçmişini silmək, fədai və xeyriyyəçi imicini formalaşdırmaqdır. "The Guardian" qəzetinin vaxtilə Edelman PR şirkəti haqqında apardığı araşdırmalar bu kampaniyanın mənəvi tərəfini ciddi sual altına qoyur. Belə ki, Edelman əvvəllər iqlim dəyişikliyi mövzusunda böyük neft şirkətlərinin maraqlarını qorumaq üçün saxta elmi rəylər və gizli piar kampaniyaları təşkil etməkdə ittiham olunub. Nəşrin tənqidləri bir daha göstərir ki, Edelman üçün "haqq-ədalət" deyil, sifarişçinin, yəni Vardanyan və Afeyan qrupunun maraqlarını hər hansı bir etik çərçivəyə sığmadan qorumaq əsasdır. Yəni bu gün Vardanyanı müdafiə etmələri sadəcə ödənilmiş yüksək məbləğli bir müqavilənin nəticəsi olan kommersiya maraqlarına söykənir.

Vardanyanın keçmişi ilə bağlı ciddi faktlardan biri də "Troika Laundromat" qalmaqalıdır. Bu fakt Ruben Vardanyanın "təmiz iş adamı" imicini darmadağın edən ən ciddi beynəlxalq faktdır. OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırma Layihəsi) tərəfindən ifşa olunan bu qalmaqal, Vardanyanın fəaliyyətinin heç də humanitar deyil, kölgəli maliyyə əməliyyatları üzərində qurulduğunu sübut edir. Onun rəhbərlik etdiyi "Troika Dialog" investisiya bankı vasitəsilə milyardlarla dollar vəsaitin offşor şəbəkələrdə şübhəli dövriyyəsi və yuyulması faktlarla ifşa edilib. Söhbət offşor zonalar və saxta şirkətlər şəbəkəsi ilə yuyularaq Qərbə ötürülən 4.6 milyard dollardan gedir. Bu gün isə Vardanyanın oğlu tərəfindən aparılan kampaniya isə atasının maliyyə cinayətlərindən fikri yayındırıb siyasi təqib qurbanı kimi göstərməyə çalışır.
Kampaniyada adı hallanan "Havas" şirkəti Fransada yerləşir və Azərbaycan əleyhinə aparılan qaralama kampaniyası çərçivəsində xüsusilə COP 29 ərəfəsində aktivləşib. Bu şirkət London, Paris, Marsel, Vaşinqton, Brüssel kimi şəhərlərdə Azərbaycan əleyhinə informasiya müharibəsi çərçivəsində konfranslar təşkil edib. Bu isə Vardanyan şəbəkəsinin Azərbaycanın suverenliyinə və beynəlxalq nüfuzuna qarşı koordinasiyalı bir hücum həyata keçirdiyini təsdiqləyir.
Bundan əlavə, "freearmenianprisoners" platforması vasitəsilə həyata keçirilən fəaliyyətlərdə 109 ölkədən geniş dəstək görüntüsü yaradılması və petisiyalarda saxta adlardan istifadə edilməsi ilə bağlı faktlar da məlumdur. Bu metod rəqəmsal məkanda "global support illusion", yəni qlobal dəstək illüziyası yaratmaq mexanizmi kimi xarakterizə olunur. Bu yolla, əslində süni şəkildə şişirdilmiş rəqəmlər və bot profillər vasitəsilə beynəlxalq ictimaiyyətdə Vardanyan və digər separatçıların azad edilməsi tələbinin guya dünya miqyasında böyük bir kütlə tərəfindən dəstəkləndiyi barədə yanlış təəssürat formalaşdırılır.
Nəticə olaraq deyə bilərik ki, Ruben Vardanyanı ədalət mühakiməsindən yayındırmağa və imicini təmizləməyə yönəlik bu kampaniya sadə bir hüquqi prosedur deyil. Eyni zamanda Azərbaycanın suverenliyinə və beynəlxalq nüfuzuna qarşı yönəlmiş transmilli informasiya savaşıdır. Dünyanın nəhəng PR şirkətlərinin, media qurumlarının, tanınmış şəxslərin bu prosesə cəlb edilməsi göstərir ki, bu gün Vardanyan məsələsində Azərbaycana təzyiq göstərən dairələr üçün haqq ədalət anlayışı sadəcə bir anlayışdır. Əsas olan pul və maliyyədir ki, istənilən rəngə və dona girsinlər. Azərbaycanın öz ərazisində qanunun aliliyini təmin etməsi və cinayət törətmiş şəxsləri ədalət məhkəməsi qarşısına çıxarması sırf daxili hüquqi məsələdir; heç bir ödənişli PR kampaniyası və ya diplomatik şantaj cəhdi tarixi həqiqətləri və hüquqi reallıqları dəyişmək gücündə deyildir.(Report)