Yadımdadır, o evə gedəndə içimə qəribə bir rahatlıq dolardı. Bilirdim ki, qapının o tayında məni mehriban bir üz, səmimi bir söhbət, doğma bir nəfəs gözləyir. İndi də ev yerindədir, həyət yerindədir, yol da əvvəlki yoldur. Amma sən yoxsan, dayı... Elə bil o evin ruhu, səsi, nəfəsi də səninlə birlikdə köçüb.
Artıq iki il keçir. Deyirlər zaman hər şeyi dəyişir. Amma bəzi yoxluqlar var ki, zaman onları azaltmır, əksinə, insanın qəlbində daha da dərinləşdirir. Hərdən səninlə bağlı bir xatirə yadıma düşür, istər-istəməz üzümə təbəssüm qonur. Elə həmin anda da gözlərim dolur. Çünki o xatirələrin içində sən varsan, həyatda isə yox. Həsrətin ən ağır tərəfi də budur. İnsan bəzən bir adam üçün yox, onun varlığı ilə gözəlləşən günlər, isinə bildiyi doğmalıq üçün darıxırmış. Sən getdikdən sonra bunu daha yaxşı anladım.
Ruhun şad olsun, əziz dayım... Səni torpağa tapşırdıq, amma ürəyimizdən çıxara bilmədik. Bəzən adını çəkəndə elə bilirəm ki, sən hələ də haradasa yaxınlıqdaymışsan. Elə bilirəm ki, bir azdan qapı açılacaq, tanış səsin eşidiləcək. Sonra insan gerçəklə üz-üzə qalır və anlayır ki, bəzi qapılar bağlananda bir daha açılmır.
İki il keçib, amma sənin yoxluğun hələ də ilk günkü kimi ağırdır. Deyirlər insan zamanla hər şeylə barışır. Amma mən bir həqiqətlə barışa bilmədim: sənin bir daha o qapıdan içəri girməyəcəyinlə. İndi o evdə ən çox yaşayan xatirələrdir. Mən isə hərdən o xatirələrin qonağı oluram. Gedib keçmiş günlərin işığında bir az dayanır, səsini axtarıram, gülüşünü axtarıram, özünü axtarıram... Sonra yenə əllərim boş, ürəyim ağrılı geri qayıdıram. Çünki bəzi insanlar torpağa deyil, insanın qəlbinə dəfn olunur. Onları itirmək isə bir dəfə olmur. İnsan sevdiyi adamı hər xatırlayanda, hər adını çəkəndə, hər yolunu gözləyəndə onu yenidən itirir...
Mövsümağa Ədalətoğlu
AJB-nin üzvü,
yazıçı-publisist