Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə aparılan döyüş əməliyyatlarında şəhid olan oğullardan söhbət düşəndə Nicat Həsən oğlu Əhmədovun da adı hörmətlə yad olunur. Nicat 1998-ci il sentyabrın 22-də Bakı şəhərində doğulub. Tam orta ümumtəhsil məktəbini, daha sonra isə Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakültəsini bitirib. 2020-ci ilin iyul ayında Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətə çağrılıb. Həmin ilin sentyabr ayının 27-də II Vətən savaşı başlananda o da bu savaşda iştirak edib. 2020-ci il oktyabrın 8-də Füzuli - Cəbrayıl istiqamətində gedən savaş zamanı şəhid olub. Bir gün sonra Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib. Subay idi.
Oktyabrın 9-u Xocalı rayonu və Bakının Nizami rayonlarının rəhbər işçiləri, gənclər və digər şəxslər Nicat Əhmədovun məzarını ziyarət etdilər. Nizami rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Xocalı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, müharibə veteranı Xəlil Vəliyev, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, jurnalist Şamil Sabiroğlu və başqaları çıxış edərək Ölkəmizin ərazi bütövlüyünün bərpasında şəhid Nicat Əhmədov kimi ər oğulların göstərdikləri şücaətdən danışdılar. Məktəblilərin ifasında Vətənə, torpağa, şəhid və qazilərə həsr olunan kompozisiya nümayiş edildi. Şəhidin atası Həsən bəy Nicat Əhmədovun xatirəsini əziz tutanların hər birinə ailə üzvləri adından təşəkkür etdi.
Daha sonra mərasim çay süfrəsi arxasında davam etdirildi.
Mövsümağa Ədalət oğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı - publisist.
Bakı, 10.10.2026.