Xocalı adı bizim milli yaddaşımızda yalnız bir şəhərin adı deyil, həm də insanlığın vicdanına yazılmış qanlı bir səhifədir. 1992-ci ilin fevralında baş verən soyqırım zamanı 613 günahsız insan həyatını itirdi. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl idi. 1.275 nəfər əsir və girov götürüldü, 487 nəfər yaralandı, onların arasında 76 uşaq vardı. 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirdi. Bu rəqəmlər sadəcə soyuq statistika deyil – hər biri bir insan ömrü, bir yarımçıq qalan hekayə, bir sönmüş arzudur. Bu rəqəmlərin arxasında bir millətin göz yaşları, bir xalqın qəlbindəki yanğı dayanır.
Xocalı soyqırımı bizə göstərdi ki, bəzən insanlıq öz vicdanına xəyanət edə bilir. Lakin eyni zamanda bu faciə bizə öyrətdi ki, ədalət gecikə bilər, amma susa bilməz. Ona görə də Xocalı həqiqətlərinin dünyaya tanıdılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri oldu. Çünki biz inanırdıq: ədalət bərqərar olmadan sülh də əbədi ola bilməz.
2023-cü il sentyabrın 19-20-də Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda aparılan antiterror əməliyyatları nəticəsində Xankəndi və Xocalı şəhərləri, həmçinin Ağdərə və Xocavənd rayonları düşmən işğalından azad edildi. Bu azadlıq şəhidlərimizin ruhuna bir işıq, qazilərimizin mübarizəsinə bir mükafat oldu. Bu gün Xocalıda quruculuq və abadlıq işləri aparılır, həyat yenidən dirçəlir. Dağıdılmış evlərin yerində yeni ümidlər, yarımçıq qalan arzuların yerində yeni başlanğıclar doğulur. Xocalı torpağı bir daha sübut edir ki, ölümün kölgəsindən həyatın işığı doğa bilər.
Xocalı həm kədərimizin, həm də qürurumuzun simvoludur. Biz bu faciəni unutmayacağıq, unutturmayacağıq. Çünki faciəni unutmaq – onu yenidən yaşamaq deməkdir. Biz isə yaşatmayacağıq. Xocalının azadlığı bir daha sübut etdi ki, Azərbaycan xalqı öz torpaqlarının, öz haqqının, öz ədalətinin sahibi və qoruyucusudur. Bu torpaq üzərində qurulan hər bir ev, açılan hər bir məktəb, səslənən hər bir uşaq gülüşü şəhidlərimizin ruhuna bir dua, bir minnətdarlıqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlamlıq bəxş etsin! Qarabağ Azərbaycandır!
Mövsümağa Ədalətoğlu
yazıçı-publisist