Bu həyatda iki borcum var – biri can borcum, biri üzür borcum.
Can borcum – Yaradanın nəfəsi ilə mənə bəxş etdiyi bu həyatın müqəddəs əmanətidir. O nəfəs ki, hər səhər gözlərimi açanda içimə dolur, ruhuma toxunur, məni yaşadan görünməz bir qüvvəyə çevrilir. Hər dəfə nəfəs aldıqca, sanki bir daha yaşamağa icazə alıram. Amma bilirəm, bir gün o nəfəs geri alınacaq. Və mən o zaman susacağam – əbədi bir səssizliyə qərq olub, bu dünyadan köçəcəyəm. Bu borc müqəddəsdir, çünki həyatın özü qədər dəyərlidir – və onu şərəflə yaşamaq, ən böyük ibadətdir.
İkinci borcum isə – üzür borcumdur. Amma bu üzr nə bir insana, nə bir zamana, nə də bir hadisəyə deyil. Bu üzr – özümədir. Çünki bu həyatda ən çox özümü incitdim. Özümü anlamadım, özümü dinləmədim. Qəlbimin titrəyən səsini boğdum, ruhumun səssiz çağırışına laqeyd qaldım. Hər kəsə mərhəmət göstərdim, amma özümə qəddar oldum. Hər kəsin yükünü daşıdım, amma öz yükümün altında əzildim. Özümə qarşı olan bu səssiz zülm – mənim ən böyük günahım oldu. Və indi, bu səssizlikdə, içimdəki uçuq divarların arxasından gələn bir səs var: “Bağışla məni...”
İnsan bəzən elə düşünür ki, ən ağır yük çiyinlərində daşıdığı dərdlərdir. Amma əslində, ən ağır yük – başında daşıdığı fikirlərdir. Səni gecələr yuxusuz qoyan, gündüzlər səssizliyə qərq edən, içində fırtınalar qoparan o düşüncələr... Keçmişin peşmanlıqları, gələcəyin qorxuları, bu günün qeyri-müəyyənliyi – hamısı bir yığın daş kimi yığılır içimizə. Və biz bu daşların altında əzildikcə, nəfəs almağı unuduruq. Hər düşüncə bir zəncirə çevrilir, hər xatirə bir qandala. Və biz, öz beynimizin dustağına çevrilirik – azad görünürük, amma içimizdə əsirik.
Azad olmaq istəyirsə insan, əvvəlcə öz düşüncələrinin zəncirini qırmalıdır. Özünü bağışlamağı öyrənməlidir. Çünki bağışlanmayan bir qəlb, heç vaxt rahatlıq tapmaz. Özünə qarşı mərhəmətli olmayan bir insan, başqasına da sevgi verə bilməz. Öz içində barışmayan, dünyayla necə barışsın? Özünü sevməyən, başqasının sevgisini necə duysun?
Bəlkə də həyatın sirri buradadır: Can borcunu şərəflə ödəmək, üzür borcunu isə sevgi ilə. Özünü sevmək – təkəbbür deyil, şəfa tapmaqdır. Özünü anlamaq – eqo deyil, dirçəlişdir. Özünü bağışlamaq – zəiflik deyil, gücdür. Bu, insanın özünə verə biləcəyi ən böyük hədiyyədir. Və bu hədiyyə, həyatın ən ağır yükünü – düşüncələrin zindanını – azadlığa çevirə bilər.
Çünki bəzən azadlıq, bir addımda deyil, bir düşüncədə başlayır. Və bəzən ən uzun yol – insanın öz içində getdiyi yoldur.
Mövsümağa Ədalətoğlu
Yazıçı, publisist